Rumıniyalı Kristian Kivu İtaliyanın "İnter" futbol klubunun baş məşqçisi təyin olunub.
Manset.az xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.
Klubun yeni çalışdırıcısı ilə müqavilə 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
Bundan öncə 44 yaşlı Kivu 2025-ci ilin fevralında İtaliyanın "Parma" klubunun sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda 16-cı yeri tutaraq növbəti mövsüm üçün İtaliya çempionatının yüksək divizionunda yerini qoruyub saxlaya bilib. Rumıniyalı buna qədər "İnter"in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.
Kivu futbolçu kimi də 2007-2014-cü illərdə "İnter"də çıxış edib. O, komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, iki dəfə İtaliya kubokunu və Superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub. Kivu "Roma"da da çıxış edərək onlarla mükafat qazanıb.