"Qarabağ" futbolçuları "Şkendiya" ilə matçda xarakter göstərməlidirlər".
Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabah çox çətin oyuna çıxacağıq. İlk görüşün Şimali Makedoniyada keçirilməsi rəqib üçün üstünlükdür. Çempionlar Liqasında iki ardıcıl qələbədən sonra öz meydanlarında ruh yüksəkliyi ilə çıxış edəcəklər. İstəkli komandaya qarşı mübarizə aparacağıq. Sabahkı oyuna tam hazırıq. Bu komandaya qarşı öz xarakterimizi göstərməliyik. Bakıya sərfəli nəticə ilə dönmək istəyirik".
Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı "Todor Proeski" stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.