Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatının səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kq-da mübarizəyə start verilib.
Manset.az xəbər verir ki, Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabı ilə qalib gəlib.
Azərbaycan güləşçisi növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub - 0:8.
Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser İdalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbə ilə dünya çempionatının finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə gələcək.
İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabı ilə məğlub olub.