Bu il keçirilən Formula 1 Azərbaycan Qran-prisi ABŞ televiziya tarixində ən çox izlənilən yarışlardan biri olub.
Manset.az xəbər verir ki, yayımı həyata keçirən ESPN telekanalı yarışın ortalama auditoriyasının 1,1 milyon tamaşaçı olduğunu bildirib.
Bu, Bakı Qran-prisinin Amerika bazarında indiyədək əldə etdiyi ən yüksək nəticədir. Maraqlıdır ki, ABŞ-da yarış qeyri-adi vaxtda yayımlanıb. Los-Ancelesdə start səhər saat 04:00-da, Nyu-Yorkda isə 07:00-da baş tutub.
Buna baxmayaraq, tamaşaçı marağı əvvəlki illəri geridə qoyub.
2021-ci ildə Bakdakı yarış 970 min izləyici, 2024-cü ildə 865 min izləyici toplayıb.
Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında yayımlanan Formula 1 yarışlarının orta izləyici sayı 1,4 milyon nəfərə çatıb. Bu da 2022-ci ildə qeydə alınan əvvəlki rekord göstərici - 1,21 milyon izləyicini üstələyib.
Xatırladaq ki, Azərbaycan Qran-prisi-2025 sentyabrın 21-də baş tutub. Yarışda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen inamlı qələbə qazanıb.