"ProSport" Gimnastika Klubunun təşkilatçılığı ilə sayca 11-ci olan "Autumn Miracle 2025" yarışı keçirilib. Yarışda paytaxt klublarından və bölgələrdən 100-dən çox gimnast iştirak edib.
Manset.az xəbər verir ki, bu barədə "ProSport" Gimnastika Klubunun təsisçilərindən, beynəlxalq dərəcəli məşqçi Leyla Hüseynli bildirib ki, bu cür yarışlar yeniyetmə gimnastlara əlavə motivasiya verir və onların inkişafında mühüm rol oynayır.
Qaliblər və mükafatçılar diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar. Təşkilatçılar yarış iştirakçılarına gələcək turnirlərdə də uğurlar arzulayıblar.
Onu da qeyd edək ki, məşqlərə fasilə verməyən gimnastlar və məşqçi heyəti klubun idmançıları ilə birlikdə Dubayda keçiriləcək turnirdə iştirak etmək üçün yola düşüblər. Gimnastlar ora klubun rəhbərlərindən Leyla Hüseynli və klubun peşəkar məşqçilərindən Səbinə Əlizadənin rəhbərliyi ilə yollanıblar.
Qeyd edilib ki, orada gimnastlarımızı digər ölkələrdən qatılan çoxsaylı idmançılarla güclü sınaq gözləyir. Lakin həm məşqçilər, həm də gimnastlarımız ölkəyə yüksək əyarlı medallarla qayıdacaqlarına inanırlar.
Həmçinin bildirilib ki, növbəti ay daha bir güclü yarış Dohada baş tutacaq. Həmin yarışda da "ProSport" Gimnastika Klubunun yetirmələrinin iştirak edəcəyi planlaşdırılır.