“Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir” - Mahir Məmmədov

17:30 - 08 Dekabr 2025

 “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir” - Mahir Məmmədov

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dekabrın 9-da start götürəcək XI Vüqar Həşimov Memorialı ilə bağlı danışıb.


Manset.az xəbər verir ki, turnirin mətbuat xidmətinə açıqlama verən federasiya rəsmisi yarışın davamlı keçirilməsinin sevindirici hal olduğunu söyləyib:

“Bu turnir Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Şahmat Federasiyası və əlaqədar təşkilatların birgə səyinin nəticəsidir. Tədbirin mütəmadi olaraq keçirilməsi Vüqar Həşimov şəxsiyyətinin miqyasını göstərir. O cümlədən dünya şahmatçıları tərəfindən Vüqarın adının yüksək tutulması ilə əlaqədardır. Belə olan halda bu amillər memorialın uzun illər keçiriləcəyinə əsas verir. İlk illərdə yarış Şəmkir, Bakı və Qəbələ şəhərlərində keçirildi. Son illərdə isə işğaldan azad edilmiş şəhərlərdə baş tutur. Memorialın Şuşa və Xankəndidə təşkil olunması isə gözəl ənənədir və bunu davam etdirəcəyik. Turnirin gələcəkdə müxtəlif ünvanlarda keçirilməsi də istisna edilmir. Bu isə Azərbaycanın digər bölgələrinin tanıdılması üçün gözəl vasitədir. Azərbaycanın şahmat ənənələrini, gücünü nəzərə alsaq, turnir dünya şahmatına olan böyük tövfədir”.

Federasiya rəhbəri Memorialın FİDE dünya çempionatının seçmə mərhələsinə daxil olunması ilə bağlı da fikirlərini bildirib: “Vüqar Həşimovun xatirə turniri ilk günlərdən ən yüksək səviyyədə təşkil olunub. Bu səbəbdən turnirin FİDE tərəfindən seçmə mərhələnin tərkib hissəsinə qəbul olunması əbəs deyil. İnanırıq ki, bu belə də olacaq və gələcəkdə daha yüksək səviyyələrə qalxacaq”.

M.Məmmədov mərhu Avropa çempionu ilə bağlı düşüncələrini də bölüşüb: “Vüqar Həşimov Azərbaycanın şahmat tarixində çox parlaq, unudulmayan iz qoyub. İlk addımlarından son günlərinədək gözümüzün qabağında idi. Dünyanın ən görkəmli, aparıcı şahmatçılarından birinə çevrilməsinin, qələbələrinin şahidi olduq. Adı “Ginnesin rekordlar kitabı”na salınan Faiq Həsənovun 85 illiyinə həsr olunmuş filmdə Vüqar Həşimov barəsində maraqlı kadrlar da geniş tamaşaçı kütləsinə çatdırılıb. Fəxr hissi ilə deyə bilərəm ki, Vüqar şahmat nəzəriyyəsinə də böyük tövfələri ilə yadda qalıb. Bu sözü çox az şahmatçı barəsində demək olar. O, həm böyük praktika və görkəmli nəzəriyyəçi idi. Həşimov bu mənada da dünya şahmatında öz bacarığını əsirgəmədi. Sevinirik ki, bu ad, bu xatirə daim yaşayır. Bu təkcə memorial turnir deyil. “Baku Chess Tour”a daxil olunmuş yarışın gələcəkdə bu turnirə əlavə olunması istisna deyil. Fondun gördüyü xeyirxah işlər, şahmat tədbirlərini də bu siyahıya əlavə etmək olar. Azərbaycanın yeni nəsil şahmatçıları da hər zaman elə böyük şahmatçının olması, ölkəmizin adını ucaltması, ilk dəfə Avropa çempionu, Qran-Pri qalibi olması barədə həmişə biləcəklər. Vüqarın xatirəsi daim yaşayacaq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az