"Ayaks" "Qarabağ"la oyuna ciddi hazırlaşıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşamaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq".
Q.Qurbanov rəqibin hazırkı durumu barədə danışıb:
"Ən təhlükəli olan budur. İstənilən komandanın xalı olmaya bilər. Bizə qarşı da müəyyən fikirlər var idi. Amma bu gün xeyli xal toplamışıq. Hər komandaya qarşı müxtəlif fikirlər olub. Başqa nüanslara fikir vermirik. Qarşımızda "Ayaks" var".
O, Niderland mətbuatında favorit kimi göstərilmələrinə toxunub:
"Buna ancaq sevinə bilərəm. Öz oyunumuzla, nəticələrimizlə bunu haqq etmişik. Bunun sabahkı matça təsiri olmamalıdır. Bizi dəyərləndirmələri, güvənmələri sevindirici haldır".
Mütəxəssis rəqibin matçın gedişində sistemi dəyişdiyini vurğulayıb:
"Buna görə futbolçular diqqətli olmalıdırlar. Sistemdə dəyişiklik olsa, tez zamanda hiss etməlidirlər".
Qurbanov cari mövsüm Çempionlar Liqasının əsas mərhələsində uğurlu çıxışa da toxunub:
"Bu çox yaxşı nəticədir. Dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək istəyirik. Bu gündək olan nəticələrdən, futbolçularımdan çox razıyam. Daha keyfiyyətli kollektiv olmaq üçün yenə nəticə qazanmaq lazımdır".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.