Orta sahə mövqeyi üçün transfer işlərini sürətləndirən "Qalatasaray" "Club Brugge" komandasının oyunçusu Raphael Onyedika üçün rəsmi təklif təqdim edib.
Yağız Sabuncuoğlunun verdiyi məlumata görə, rəsmi təklifin ardından Onyedika təklifi qəbul edib və klubların razılığa gəlməsini gözləməyə başlayıb. 24 yaşlı futbolçunun yaxın günlərdə İstanbula gələcəyi bildirilir.
Victor Osimhen "Atletiko Madrid" ilə oyundan sonra milli komandasından olan həmkarları Onyedika və Lookman ilə əlaqə saxladığını açıqlayıb. Osimhen transfer prosesi ilə bağlı bunları söyləyib:
"İkisi ilə də danışdım. Afrika Kubokunda Onyedika ilə, Dünya Kuboku seçmə mərhələlərində isə Lookman ilə söhbət etdim. Həm "Qalatasaray" azarkeşlərini, həm də "Qalatasaray" klubunu və nə qədər gözəl bir ölkə olduğunu uzun-uzun izah etdim. Bu, həm klubumuz, həm futbolçular, həm də azarkeşlərimiz üçün çox yaxşı olacaq. Onyedika artıq çox yaxşı bir oyunçudur, çox sürətli və axıcı oyun tərzi var. Onun bura gəlməsi komandamız üçün çox böyük fayda verəcək. Həmçinin, ikisini də razı salmağa çalışıram. Dünyanın ən böyük klublarından birinə gəlsinlər, çox istəyərəm".