"Qarabağ" Misli Premyer Liqasının XIX turunda son dəqiqə qolu ilə "Şamaxı"nı məğlub edib.
Manset.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə isə Kamilo Duran adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" 8-ci sıradadır.
Günün ikinci oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.