“Qalatasaray” uzun müddətdir transfer etmək istədiyi Aleksey Batrakovla bağlı danışıqları yekunlaşdırıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin 21 yaşlı yeni futbolçusunun şəhərə gələcəyi tarix də məlum olub.
Türkiyə Super Liqasının 2026-2027 mövsümünə Çorum FK ilə heç-heçə ilə başlayan “Qalatasaray” transfer çalışmalarını davam etdirir. Baş məşqçi Okan Burukun təqdim etdiyi siyahı əsasında hərəkət edən sarı-qırmızılı komanda Aleksey Batrakovun transferini başa çatdırıb.
“Qalatasaray” və Moskva “Lokomotiv”i Batrakovun transferi ilə bağlı bütün məsələlərdə razılığa gəlib. İstanbul klubu 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə də müqavilənin şərtlərini razılaşdırıb.
Rusiyalı futbolçunun çərşənbə və ya cümə axşamı tibbi müayinədən keçmək üçün İstanbula gələcəyi bildirilir. “Qalatasaray”ın yaxın günlərdə transferlə bağlı rəsmi açıqlama yayacağı gözlənilir.
Batrakov bu mövsüm Moskva “Lokomotiv”inin heyətində 5 oyunda meydana çıxıb. O, həmin qarşılaşmalarda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transferin həyata keçirilməsində “Qalatasaray”ın prezidenti Dursun Özbekin də ilk gündən israrlı olduğu bildirilir. Özbekin yaxın çevrəsinə “Skaut qrupumuzun bir nömrəli hədəfini transfer etdik. Məşqçimiz də onu çox bəyənirdi. Nə qədər keyfiyyətli futbolçu transfer etdiyimizi hər kəs görəcək” dediyi qeyd olunur.
Batrakovun da bütün məsələlərdə razılığa gəldiyi “Qalatasaray”a keçmək üçün səbirsizləndiyi bildirilir.