“Qarabağ” və “Sabah” heyətini gücləndirməsə, işləri çətin olacaq”

19:00 - 06 Sentyabr 2023

“Qarabağ” və “Sabah” heyətini gücləndirməsə, işləri çətin olacaq”

“Maraqlı bir çempionat izləyirik. Lider komandaların oyunlarında gözlənilməz nəticələr qeydə alınır. Hazırda sonuncu yerdə gedən komandanın liderdən xal almaq imkanı var”.

 

Manset.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

O, çempionatda gözlənilməz mənzərənin yaranmasının səbəbi kimi “Qarabağ” və “Sabah”ın daxili liqada uğursuz çıxışlarını göstərib: “Uduzmayan komanda yoxdur. Lider “Zirə”də uduzub, “Qarabağ” da, “Sabah” da. Heç kim deyə bilmir ki, liderlər qrupunda olan bir komanda filan rəqibinə qalib gələcək. Çempionatın belə gedişatı “Sabah” və “Qarabağ”ın gözlənilən nəticələri verməməsi ilə bağlıdır. “Qarabağ” və “Sabah” turnir cədvəlində heç öyrəşmədiyimiz pillələrdədir. İndiyə qədər bunu görməmişdik. Bunun səbəblərindən biri odur ki, digər komandalar bu mövsüm daha yaxşı komplektləşiblər. “Qarabağ” hər iki cəbhədə oynayanda gücünü bərabər bölməyi bacarırdı. Avroliqada oynayan futbolçu daxili çempionatda istirahət edirdi. Bunu çox yaxşı bacarırdılar. Hər iki heyət çempion olmağı bacaran komanda idi. Ona görə də iki cəbhədə mübarizə aparan zaman çətinliklər hiss edilmirdi. Amma indi bu baxımdan bir az geriləmə var. Məsələn, “Kəpəz” və “Araz-Naxçıvan”la oyunlardan bunu gördük. Baxmayaraq ki, oyun planında heç bir dəyişiklik yoxdur, amma yerli liqada əvvəlki nəticələr qazanılmır. Bundan əvvəlki oyunçular tapşırıqların öhdəsindən gələ bilirdilər, indikilər isə gələ bilmir. Bu qədər sadədir".

A.Kərimov bildirib ki, “Sabah”da da oyunçu problemi var: "Komandanı tərk edən Aleksey Kaşuk və Coy Lens Mikels ötən mövsüm ikisi birlikdə 35 qol vurmuşdu. Buna görə də “Sabah” indi bu cür çətinliklə üzləşir.

“Qarabağ” və “Sabah” heyətini gücləndirməsə, çempionluq uğrunda işləri çətin olacaq. Hərçənd ki, “Qarabağ” Avropa Liqasının oyunlarından sonra yenə də çempionluğa əsas namizədlərdən biri ola bilər. Amma buna qədər gərək xallar qazanılsın”.

A.Kərimov qış fasiləsinə qədər çempionatda bu cür gözlənilməz nəticələrin bol olacağını qeyd edib: “Biz liderlərin problemlərini saydıqca digər komandaların güclənməsini də qeyd etməliyik. “Səbail” “Qarabağ”a qalib gəldiyi son oyunda müxtəlif vaxtlarda rəqibindən daha üstün oldu. Yəni deyə bilmərik ki, “Qarabağ” “Səbail”in qapısı ağzında oynayırdı. Görürük ki, çempionatda komandaların gücləri bir-birinə yaxınlaşmağa doğru gedir. Mən əminəm ki, aşağı pillələrdə olan komandaların büdcələri liderlərin büdcəsinə yaxınlaşsa, çempionun kimin olacağını sona qədər müəyyən etmək mümkün olmayacaq”.

A.Kərimov Avro-2024-ün seçmə mərhələsində millimizin sentyabrın 9-da Bakıda Belçika yığması ilə qarşılaşacağı oyun haqda da danışıb: “Kimlə oynayacağımızı hamımız bilirik. Belçika millisi bir neçə il əvvəl dünya reytinqində birinci idi. Heyətlərinə, oyunçularının hansı çempionatdan gəldiklərinə baxsaq, bizim milli ilə müqayisə ediləsi deyil. Ona görə də hazırda millimizdən çox da böyük şeylər gözləməyin mənası yoxdur.

Biz nəyin sayəsində bu oyunda yaxşı nəticə qazana bilərik? Yalnız güclü konsentrasiya ilə müdafiədə heç bir səhv buraxmasaq və yaratdığımız cüzi qol imkanlarını reallaşdıra bilsək, xal və ya xallar qazanmaq imkanımız var. Amma ümumi götürsək, bizim Belçikadan xal almağımız çox çətin görünür”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az