FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina türkiyəli hakim Halil Umut Melerin "Ankaragücü"nün prezidenti Faruk Kocanın və digər bir neçə şəxsin hücumuna məruz qalmasına münasibət bildirib.
Manset.az xəbər verir ki, keçmiş referi bu görüntüdən dəhşətə gəldiyini deyib:
“Halil Umut Meler çox yaxşı hakim və yaxşı insandır. Onu dəfələrlə meydanda görmüşəm və bu ilin əvvəlində Argentinada keçirilən FIFA U-20 dünya çempionatında onunla vaxt keçirmişəm. Hücum edənlər tərəfindən təpiklənərkən yerdə uzanan, başını əlləri ilə qoruyan Halil Umutun gözünün altındakı qançırın görüntüsü insanı dəhşətə gətirir.
Amma daha dəhşətlisi bütün dünyada, şifahi və fiziki zorakılığa məruz qalan minlərlə hakimin olduğunu bilməkdir. Hansı ki. onlar haqda məlumat verilmir. Hakim səhv də olsa, verdiyi qərara görə döyülə bilməz".
Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F.Koca ilə yanaşı, hakimi vuran 2 şəxs də həbs olunub.