“Xəzər” jurnalının yeni nömrəsi çap olundu

14:09 - 16 May 2025

“Xəzər” jurnalının yeni nömrəsi çap olundu

Azərbaycan tərcümə məktəbinin formalaşmasında müstəsna xidmətləri olan ixtisaslaşmış “Xəzər” tərcümə və mədəniyyət jurnalının Azərbaycan  Dillər  Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi yeni nömrəsi işıq üzü görüb. 


Manset.az xəbər verir ki, jurnal redaktorun “Tərcümənin və tərcüməçinin problem: bizdə nə yoxdur, nə çatışmır” yazısı ilə başlayır.

“İlin nobelçisi” bölməsində Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Han Kang ilə müsahibə,  yazıçının “İşıq və bağ” adlı Nobel mühazirəsi və “İnsan əməlləri” romanından bir parça  oxuculara təqdim olunub.  

“Şərq mədəniyyəti” bölməsində Şəms Təbrizi-840, Bir qeybin anatomiyası, Eşq qapısı (“Məqalat”dan pritçalar) yazıları yer alıb.

Oxucular “Şimali Amerika ədəbiyyatı” bölməsində Sol Bellounun “Gümüş nimçə” hekayəsi, Leroy Consun “Uçan hollandiyalı pyesi və Marqaret Ətvudun şeirləri ilə tanış ola bilərlər.

“Avropa ədəbiyyatı” bölməsində Lev Tolstoy yaradıcılığından yeni tərcümələr, Anri Arbilin şeirləri, Natali Kulişin “Onuncu parallel” hekayəsi yer alıb.

“Tərcümə sənəti” bölməsində Qabriel Qarsia Markesin “Bu yazıq tərcüməçilər”, Umberto Ekonun “Təxminən eyni fikir ifadə etmək” və s. yazılar təqdim olunub.

“Dialoq. Esse” rubrikasında isə Latın Amerikası romanı haqqında Mario Varqas Lyosanın Qabriel Qarsia Markeslə söhbəti, Karlos Fuentesin “Roman sənətinin əsas prinsipləri” və V Beynəlxalq Berlin ədəbiyyat festivalındakı çıxışı yer alıb.

Jurnalın “Mövqe” rubrikasında oxucular Sadiq Zamanın “Dəyərli elmi irs: Azərbaycan tərcümə ensiklopediyası”, akademik Muxtar Kazımoğlunun “Elmi əsər yazıçı tərcüməsində”, Fəxri Uğurlunun “Dünyaya çıxmaq necə mümkündür” adlı yazılarla tanış ola biləcəklər. 

Jurnalın “Debüt” rubrikasında Banuçiçək Qasımzadənin tərcüməsində Lidiya Deyvisin hekayələri təqdim olunub.

“Yaddaş” bölməsində isə oxucular Vilayət Hacıyev-75: “Tərcümə -mədəniyyətin sütunlarından biridir”, Arif Acaloğlu: “Milli mübarizəmizə tərcümələrimlə xidmət edirəm” adlı müsahibələrlə tanış ola biləcəklər.

Qeyd edək ki, “Xəzər” tərcümə və mədəniyyət jurnalının  məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir. 

Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə Axundova və Cavid Zeynallı daxildir. 

Jurnalın Beynəlxalq Şurasında isə Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.   


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv