Azərbaycan Dillər Universitetində
(ADU) İtaliyanın Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti ilə görüş
keçirilib. Görüşdə universitetin rektoru Tomaso Montanari, rektorun müşaviri
professor Pietro Cataldi, CILS dil sertifikasiyası üzrə nümayəndə professor
Sabrina Machetti, CILS-in Türkiyə üzrə nümayəndəsi professor Giovanni Amadori
və İtaliyanın Azərbaycandakı səfirliyinin birinci katibi Marvin Seniga iştirak
ediblər.
Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal
Abdulla nümayəndə heyətini salamlayaraq bir neçə gün əvvəl İtaliyanın Peruca
Əcnəbilər Universitetinin rektoru ilə keçirilmiş görüş və imzalanmış sənədlər
barədə məlumat verib. O, Siena Əcnəbilər Universiteti ilə də uğurlu
əməkdaşlığın mümkünlüyünə inandığını bildirib.
Akademik Kamal Abdulla görüşdə özünün
məşhur italyan yazıçısı və alim Umberto Eko ilə olan şəxsi tanışlığından bəhs
edib. İtalyan nümayəndələr isə İkinci Dünya Müharibəsinin universitetə
təsirindən və Siena Əcnəbilər Universitetinin tarixindən danışıblar.
Universitetdə müxtəlif dillərin tədris olunmasını yüksək qiymətləndirərək,
universiteti Umberto Ekonun ifadəsi ilə “görüş məntəqəsi” adlandırıblar və ali
təhsil sahəsində görülən bu işlərin əsas məqsədinin sülhə xidmət etdiyini
bildiriblər.
Tərəflər arasında keçirilən
müzakirələr zamanı Siena Əcnəbilər Universitetinin digər ölkələrdəki şöbələri,
Peruca Əcnəbilər Universiteti ilə əlaqələri, bu universitetlərlə olan oxşar və
fərqli cəhətlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin ADU nəzdində
yaradılmış CELİ dil sertifikasiya mərkəzinin fəaliyyəti və gələcək
perspektivləri ətrafında müzakirələr aparılıb.
Akademik Kamal Abdulla universitetdə
tədris olunan dillər, ADU-nun beynəlxalq QS reytinqində əldə etdiyi
nailiyyətlər və universitetin Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməklə
bağlı həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüş zamanı iki universitet arasında
gələcək əməkdaşlıq imkanları, birgə elmi və tədris layihələri, tələbə və
müəllim mübadiləsi proqramları müzakirə olunub.
Sonda akademik Kamal Abdulla görüşün
xatirəsi olaraq Siena Əcnəbilər Universitetinin rektoru Tomaso
Montanariyə İtaliyada nəşr olunmuş “Yarımçıq əlyazma” romanını hədiyyə
edib.