Sumqayıt Tibb Mərkəzi 2025-ci ili rekord göstəricilərlə başa vurdu

16:54 - 06 Fevral 2026

Sumqayıt Tibb Mərkəzi 2025-ci ili rekord göstəricilərlə başa vurdu

2025-ci il Sumqayıt Tibb Mərkəzi (STM) üçün həm cərrahiyyə, həm də ümumi tibbi xidmətlər sahəsində dinamik inkişaf və əhəmiyyətli artımlarla yadda qalıb.


Manset.az xəbər verir ki, il ərzində Mərkəzdə 27 774 cərrahi əməliyyat icra olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 24 696 təşkil edib. Beləliklə, cəmi bir il ərzində cərrahi müdaxilələrin sayı 3 mindən çox artaraq STM-nin imkanlarının genişləndiyini və əhaliyə göstərilən xidmətlərə tələbatın yüksəldiyini açıq şəkildə nümayiş etdirib.

İcra olunan əməliyyatlar ortopediya, ümumi cərrahiyyə, uroloji, ginekoloji, oftalmoloji, travmatoloji və digər ixtisas sahələrini əhatə edib. Xüsusilə 155 yeni növ cərrahi əməliyyatın icrasına başlanılması Mərkəzdə tibbi xidmətlərin daha mürəkkəb və ixtisaslaşmış mərhələyə keçdiyini təsdiqləyir. Əməliyyatların müasir tibbi texnologiyalarla və peşəkar həkim heyəti tərəfindən icrası pasiyent təhlükəsizliyinin və müalicə keyfiyyətinin əsas təminatına çevrilib.

Qeyd olunmalıdır ki, icra olunan cərrahi əməliyyatların sayına görə Sumqayıt Tibb Mərkəzi ölkə üzrə ilk iki tibb müəssisəsindən biri kimi mövqeyini qoruyur. Bu göstərici eyni zamanda vətəndaşların yerli səhiyyə müəssisələrinə etimadının artmasının bariz nümunəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, 2025-ci il ərzində STM-nin tabeliyində olan tibb müəssisələrində əhaliyə ümumilikdə 5 milyon 772 min 444 tibbi xidmət göstərilib. 2024-cü ildə bu rəqəm 5 miyon 358 min 68 olub. Beləliklə, göstərilən tibbi xidmətlərin sayı bir il ərzində 414 min 376 vahid, yəni təxminən 7,7 faiz artıb.

Müraciət saylarında da müsbət dinamika qeydə alınıb. 2025-ci ildə tibb müəssisələrinə 1 milyon 530 min 81 müraciət daxil olub. Onlardan 1 milyon 489 min 505-i ambulator, 40 min 576-sı isə stasionar müraciətlər təşkil edib. 2024-cü illə müqayisədə müraciətlərin sayı 41 min 90 vahid, yəni təxminən 2,8 faiz artıb.

Qeyd edək ki, tibb müəssisələrinə müraciət edən bütün ölkə vətəndaşları icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək imkanına malikdirlər. Göstərilən tibbi xidmətlərin ümumi həcminə görə də Sumqayıt Tibb Mərkəzi ölkə üzrə ilk üç tibb müəssisəsi sırasında yer alır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az