logo
logo logo
logo

Yuxusuzluğun səbəbi otaqdakı temperatur ola bilər

00:30 - 04 Noyabr 2026

Yuxusuzluğun səbəbi otaqdakı temperatur ola bilər

Yataq otağında temperaturun normadan yüksək olması yuxunun keyfiyyətinə mənfi təsir göstərə, yuxuya getməyi çətinləşdirə və gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər. Mütəxəssislər daha rahat istirahət üçün yataq otağında 18-20 dərəcə Selsi temperaturun saxlanılmasını tövsiyə edirlər.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, insan orqanizminin daxili temperaturu yuxuya getməzdən əvvəl təbii şəkildə aşağı düşməyə başlayır və gecə boyunca bu proses davam edir. Sərin otaq mühiti isə bədənin həmin fizioloji prosesə uyğunlaşmasına, daha tez yuxuya getməsinə və dincəlməsinə kömək edir.

Temperaturun gecə ərzində dəyişməsi də əhəmiyyətlidir

2007-ci ildə aparılan araşdırmalardan birində temperaturun yuxuya təsiri öyrənilib. Təcrübə zamanı iştirakçıların bir qrupu axşam saatlarında temperaturu tədricən 27 dərəcədən 24 dərəcəyə endirilən, səhərə yaxın isə yenidən artırılan otaqda yatıb. Digər qrup isə gecə boyunca temperaturun sabit olaraq 27 dərəcədə saxlanıldığı şəraitdə istirahət edib.

Nəticələr göstərib ki, temperaturun təbii gecə dəyişikliklərinə uyğun tənzimləndiyi otaqda yatanların orqanizmində melatoninlə əlaqəli göstərici daha yüksək olub. Həmin iştirakçılar səhər oyandıqdan sonra özlərini daha gümrah hiss etdiklərini də bildiriblər.

1974-cü ildə aparılan başqa bir tədqiqatda isə yuxu zamanı otağın temperaturunun oyaq vaxtla müqayisədə təxminən 6 dərəcə aşağı olması araşdırılıb. Bu şəraitdə iştirakçıların yuxu və oyaqlıq dövrlərinin müddətində təxminən 23 dəqiqəlik artım müşahidə edilib.

Temperaturun təsiri işıq qədər əhəmiyyətli ola bilər

Kaliforniya Universitetinin Los-Anceles filialında Yuxu Araşdırmaları Mərkəzinin direktoru, neyrobioloq Cerom Siqelin fikrincə, temperatur yuxunun tənzimlənməsində işıq qədər, hətta bəzi hallarda ondan daha əhəmiyyətli rol oynaya bilər.

Alim hesab edir ki, müasir evlərdə gündüz və gecə temperaturunun demək olar dəyişməməsi yuxu problemlərinin səbəblərindən biri ola bilər. O, sənayeləşmiş cəmiyyətlərdə yuxusuzluğun daha geniş yayılmasını da müasir həyat tərzi ilə əlaqələndirir.

Bununla belə, alimlər hər kəs üçün eyni dərəcədə ideal temperatur müəyyən etməyin mümkün olmadığını vurğulayırlar. Çünki istilik komfortu insanın fərdi xüsusiyyətlərindən asılıdır. Buna baxmayaraq, yataq otağında həddindən artıq isti mühitdən qaçmaq keyfiyyətli yuxu üçün vacib şərtlərdən biri hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az