Naxçıvan Muxtar Respublikasında sabiq nazir müavini və nazir vəzifəsini icra etmiş Xəyalə Dadaşova beynəlxalq mükafatlarla təltif olunub. O Türk Dünyası Uluslar Arası Araşdırmalar Akademiyası tərəfindən “Fəxri professor” və “Beynəlxalq qızıl ulduz” mükafatlarına layiq görülüb.
Manset.az xəbər verir ki, mükafatlar Xəyalə Dadaşovaya Türk dünyasının iqtisadiyyatı, elmi və
mədəniyyətinə verdiyi töhfələrə, eləcə də Türkiyə-Azərbaycan
qardaşlıq əlaqələrinin inkişafına göstərdiyi xidmətlərə görə təqdim
olunub. Mükafatlar Türkiyə Respublikasının
Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Birol Akgün tərəfindən təqdim olunub.
Xəyalə Dadaşova daha öncə də Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Tərəqqi medalı ilə də təltif
edilib.
Xəyalə Dadaşova uzun illər kənd təsərrüfatı və qida təhlükəsiliyi
sahəsində dövlət qulluğu, o cümlədən
siyasi vəzifələrdə çalışmış, ölkənin
siyasi-ictimai həyatında mühüm rol oynayıb, beynəlxalq platformalarda ölkəni
uğurla təmsil edib. Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi vəzifəsində çalışıb. Aqrar siyasətin formalaşdırılması və həyata keçirilməsində mühüm rol oynayıb. Həmçinin ölkədə fitosanitar və epizootik sabitliyin təmin olunmasına böyük töhfə verib.
Qeyd edək ki, Xəyalə Dadaşova Naxçıvan Muxtar
Respublikasında nazir müavini və nazir vəzifəsini icra etdiyi dövrdə Azərbaycan
Respublikası Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin
qanunvericiliyə uyğun olmayan tapşırıqlarını yerinə yetirməməsi səbəbilə bəzi qarşıdurmalarla üzləşib və vəzifəsindən azad edilib. Bununla belə, Xəyalə Dadaşova
fəaliyyət göstəriciləri, peşəkarlığı və insani keyfiyyətləri ilə fərqlənərək,
sahibkarların, fermerlərin və həmkarlarının hörmətini qazanıb.