Mingəçevir Dövlət Universiteti və Türkiyənin
Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Dil, Təhsil, Tədqiqat
və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” mövzusunda Beynəlxalq Elmi
Konfrans öz işini uğurla yekunlaşdırıb.
Manset.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları,
Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının
nümayəndələri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı, Mingəçevir
Bələdiyyəsi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, eləcə də nüfuzlu elm
və təhsil qurumlarının təmsilçiləri iştirak ediblər. Qonaqlar sırasında Afət
Abbasova, Birol Akgün, Ufuk Turqaner, Recep Öztop, Hayrettin Özçelik, Mahirə
Hüseynova, eləcə də müxtəlif ölkələrdən alim və tədqiqatçılar yer alıblar.
Mayın 18-19-da baş tutan konfrans beynəlxalq
elmi əməkdaşlığın genişləndirilməsi baxımından diqqətçəkən platforma kimi yadda
qalıb. 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən
iştirakçılar tərəfindən 545-dən çox elmi məruzə və tezisin təqdim olunması tədbirin
miqyasını və elmi çəkisini bir daha nümayiş etdirib.
Mingəçevir Dövlət Universitetində
keçirilən konfrans çərçivəsində dilçilik, təhsil və tədqiqat sahələrində aktual
çağırışlar müzakirə olunub, müxtəlif elmi məktəblər arasında fikir mübadiləsi
aparılıb. Paralel sessiyalar, panel müzakirələri və vorkşoplar zamanı müasir
yanaşmalar, innovativ metodlar və akademik əməkdaşlıq imkanları ön plana
çıxarılıb.
Tədbir yalnız nəzəri müzakirələrlə məhdudlaşmayaraq,
elmin cəmiyyətlə inteqrasiyasını təşviq edən praktik platforma kimi də çıxış
edib. Xüsusilə gənc tədqiqatçıların fəal iştirakı, onların beynəlxalq elmi
mühitə qoşulması və yeni əməkdaşlıq əlaqələrinin qurulması konfransın əsas nəticələrindən
biri kimi qiymətləndirilir.
Konfrans çərçivəsində təşkil olunan
kitab sərgisi, bədii proqramlar və tələbələrin iştirakı ilə təqdim edilən səhnəciklər
tədbirə əlavə dinamika qatıb, elm və mədəniyyətin vəhdətini nümayiş etdirib.
İki gün davam edən beynəlxalq elmi
platforma nəticə etibarilə dil, təhsil və tədqiqat sahələrində davamlı
inkişafın təşviqinə, bilik mübadiləsinin genişlənməsinə və uzunmüddətli
akademik tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verib. Konfransın
yekunları göstərir ki, bu kimi təşəbbüslər yalnız elmi mühit üçün deyil,
bütövlükdə cəmiyyətin intellektual potensialının gücləndirilməsi baxımından
strateji əhəmiyyət daşıyır.