TikTok Azərbaycanda süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadənin təşviqi məqsədilə yeni maarifləndirici təşəbbüsə start verib.
Manset.az xəbər verir ki, platforma süni intellekt sahəsində savadlılığın artırılması, bu texnologiyadan istifadə edilməklə yaradılan və ya dəyişdirilən məzmunun daha şəffaf şəkildə təqdim olunması və süni intellekt əsaslı spamla mübarizənin gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir.
Təşəbbüs çərçivəsində TikTok media savadlılığı üzrə NAMLE assosiasiyası və süni intellekt üzrə ekspert Henri Ayderlə birgə istifadəçilər üçün süni intellekt alətlərindən məsuliyyətli istifadəyə dair bələdçi hazırlayıb. Platformada süni intellektlə yaradılmış məzmunu tanımağa kömək edən maarifləndirici bölmə də istifadəyə verilib.
Bölmə üçün Azərbaycandan olan kontent yaradıcıları da informativ videolar hazırlayıblar. Səlbi İmanova istifadəçilərin tövsiyələr lentində süni intellektlə yaradılmış məzmunun həcmini necə tənzimləyə biləcəklərini izah edib. Taleh Nəzərli isə belə məzmunu adi məzmundan fərqləndirməyin yollarından və süni intellektlə yaradılmış materialların xüsusi etiketlə işarələnməsinin əhəmiyyətindən danışıb.
TikTok həmçinin süni intellekt əsaslı spamı kütləvi şəkildə paylaşan hesabların aşkarlanması üçün təkmilləşdirilmiş sistemləri sınaqdan keçirir.
Platformanın məlumatına görə, bu günədək TikTok-da 3 milyarddan çox video süni intellektdən istifadə edilməklə yaradılmış məzmun kimi işarələnib. Bundan başqa, 2025-ci ilin noyabrında istifadəyə verilən maarifləndirici proqram çərçivəsində süni intellektlə bağlı məzmun 200 milyondan çox baxış toplayıb.
TikTok təşəbbüsün inkişafına indiyədək 4 milyon ABŞ dollarından çox vəsait ayırıb.