logo
logo logo
logo

Masallıda zona müşavirəsi keçirildi - FOTOLAR

17:23 - 25 Sentyabr 2026

Masallıda zona müşavirəsi keçirildi - FOTOLAR

25 sentyabr 2026-cı il tarixində Masallı rayonunun Qızılağac kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Masallı rayonunda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.


Manset.az xəbər verir ki, müşavirəni giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıb. Rayon rəhbəri çıxışında Dövlət Proqramının ölkənin aqrar sektorunun inkişafında qarşıya yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb, sənəddə müəyyənləşdirilmiş istiqamətlərin Masallı rayonunda ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rayon rəhbəri Masallının kənd təsərrüfatı potensialından, rayonun tərəvəzçilik və çəltikçilik sahələrində formalaşmış ənənələrindən danışaraq bu istiqamətlərdə istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, müasir aqrotexniki üsulların tətbiqinin genişləndirilməsi və fermerlərin qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla birgə həllinin əhəmiyyətini qeyd edərək bildirib ki, kənd təsərrüfatının inkişafı yalnız istehsal sahələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Bu prosesdə suvarma infrastrukturunun yaxşılaşdırılması, texnika və avadanlıqlarla təminatın gücləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması, məhsulların emalı və satış imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Dövlət Proqramının qarşıdakı illər üçün konkret və ardıcıl fəaliyyət istiqamətləri müəyyən etməsi fermerlər üçün əlavə imkanlar yaradır. Dövlət Proqramında aqrar məhsulların istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən olunub. 

Sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev məruzə ilə çıxış edib. O, rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Məruzədə fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, məhsuldarlığın artırılması, əkin sahələrindən səmərəli istifadə olunması, müasir aqrotexniki tədbirlərin tətbiqi və aqrar sahədə dövlət dəstəyindən daha geniş yararlanma məsələlərinə toxunulub.

Müşavirədə İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov da çıxış edib. O, xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanları barədə məlumat verib. Aqrar sahədə yeni investisiya layihələrinin həyata keçirilməsi, mövcud təsərrüfatların genişləndirilməsi və istehsal potensialının artırılması üçün maliyyə dəstəyinin əhəmiyyətini diqqətə çatdırıb.

Əkin sahələrinin suvarma suyu ilə təmin olunması məsələsi də müşavirənin əsas müzakirə mövzularından olub. Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxış edərək rayon ərazisində suvarma sistemlərinin mövcud vəziyyəti, əkin sahələrinin su ilə təmin olunması, suvarma zamanı qarşıya çıxan məsələlər və onların həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov isə əkin və məhsul yığımı mövsümlərində fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin olunması məsələsinə toxunub. O, texnikadan istifadə imkanları, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müşavirənin davamında fermerlərin fikirləri dinlənilib. Qızılağac kəndindən Zamin Abbasov, Ərkivan qəsəbəsindən Aydın Nuraliyev, Xıl kəndindən Nazim İslamov və digər fermerlər çıxış edərək kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yaradılan imkanlardan, dövlət dəstəyinin əhəmiyyətindən və yeni Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrdən danışıblar. Fermerlər bildiriblər ki, kənd təsərrüfatının inkişafına göstərilən dövlət diqqəti onların istehsal imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Onlar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin fermerlər üçün əlçatan olmasının, aqrar sahədə çalışan insanların qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlarla müzakirə edilməsinin və praktik həll yollarının müəyyənləşdirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışlarda, həmçinin Masallıda tərəvəzçilik və çəltikçilik sahələrinin daha da genişləndirilməsi, əkin sahələrinin səmərəli istifadəsi, məhsuldarlığın yüksəldilməsi, suvarma və texnika təminatının yaxşılaşdırılması, fermerlərin güzəştli kredit imkanlarından yararlanması və istehsal olunan məhsulların emalı və satış imkanlarının artırılması ilə bağlı təkliflər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasını, intensiv və rəqabətqabiliyyətli istehsala keçidin sürətləndirilməsini, dəyər zəncirlərinin inkişaf etdirilməsini və fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini əsas hədəflər sırasında müəyyən edir. 

Müşavirənin sonunda kənd təsərrüfatının inkişafı, əkin sahələrinin səmərəli istifadəsi, tərəvəzçilik və çəltikçilik sahələrinin genişləndirilməsi, fermerlərin maliyyə və texniki imkanlarının artırılması, suvarma suyu ilə təminat, kənd təsərrüfatı texnikasına çıxış və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az