“Azərsun Holdinq”in
təşkilatçılığı ilə media nümayəndələri üçün Sumqayıtdakı “Azərsun Sənaye
Parkı”nda yerləşən Təmizlik Kağızları Fabrikinə mediatur təşkil olunub. Tur çərçivəsində
jurnalistlər “Sun” və “Aura” markalı gigiyenik kağız məhsullarının istehsal
prosesi ilə yaxından tanış olublar.
Manset.az xəbər verir ki, media nümayəndələrini
qarşılayan fabrikin müdiri Kamil Səfərov müəssisənin fəaliyyət istiqamətləri, tətbiq
olunan müasir texnologiyalar və məhsulların hazırlanma mərhələləri barədə ətraflı
məlumat verib. O bildirib ki, 30 ilə yaxın təcrübəyə malik şirkətlər
qrupumuz bu gün Azərbaycanda gigiyenik kağız məhsulları istehsalında birinci
yerdədir. Fabrikdə kağız salfet, tualet kağızı, kağız dəsmal və nəm dəsmallar
istehsal olunur.
O vurğulayıb ki,
istehsal xətləri İtaliya və Türkiyə başda olmaqla aparıcı şirkətlərin ən müasir
avadanlıqları ilə təchiz olunub. Məhsullar bu xətlərdə insan əli dəymədən, tam
avtomatlaşdırılmış şəraitdə hazırlanır. Bu yanaşma həm məhsulların keyfiyyətini,
həm də gigiyena təhlükəsizliyini yüksək səviyyədə təmin edir.
Mediatur zamanı
jurnalistlər fabrikin istehsal sahələrini gəzərək xammalın xəttə verilməsindən
hazır məhsulun qablaşdırılıb anbara göndərilməsinədək bütün mərhələləri
yaxından izləyiblər.
Jurnalistlərin suallarını cavablandıran
marketinq müdiri Azad Qarayev isə 2031-ci ilə qədər “Sun” və “Aura” məhsullarının
xarici bazarlara çıxarılacağını bildirib. Təmizlik Kağızları Fabriki gələcəkdə
də müasir texnologiyaların tətbiqini genişləndirərək ailələrə yüksək keyfiyyətli
məhsullar təqdim etməyə və “Made in Azerbaijan” brendini dünya bazarlarında
tanıtmağa davam edəcək. Bununla bərabər Azad Qarayev media nümayəndələrinə
markalar tərəfindən həyata keçirilən sosial layihələr barədə də məlumat verib.
“Sun” və “Aura” məhsul satışı ilə yanaşı, gigiyena vərdişinin hər evə
çatdırılmasını da vacib missiya hesab edirlər. Bu məqsədlə “Aura Məktəbli”
layihəsi çərçivəsində şagirdlərə gündəlik gigiyena qaydaları öyrədilir. Bölgələrdə
isə həkimlərin iştirakı ilə hər il 20 min qapı ziyarəti reallaşdırılır.
Qeyd edək ki, 1998-ci ildən bazarda olan “Sun” Azərbaycanın ilk gigiyenik kağız
markasıdır.