- AzerGold” QSC-nin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının birgə təşkilatçılığı ilə Daşkəsən şəhərində növbəti genişmiqyaslı ekoloji aksiya keçirilib.
Manset.az xəbər verir ki, aksiya çərçivəsində şəhərin müxtəlif
ərazilərində yerləşən yaşıllıq zolaqları və yolətrafı sahələr plastik,
polietilen, şüşə, kağız, karton və digər məişət tullantılarından təmizlənib.
Eyni zamanda, yol kənarlarında ot örtüyü biçilib, ərazilərdə səliqə-sahman və
abadlıq işləri aparılıb. Toplanmış tullantılar ekoloji tələblərə uyğun çeşidlənərək
təkrar emala yönləndirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Ekoloji təşəbbüs çərçivəsində
“AzerGold” QSC tərəfindən şəhər infrastrukturunun təkmilləşdirilməsinə, məişət
tullantılarının mərkəzləşdirilmiş qaydada toplanması və idarə olunmasına dəstək
məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinə 20 ədəd tullantı konteyneri ianə
edilib.
Təşəbbüsün əsas məqsədi şəhər ərazisinin
məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, ətraf mühitin təmizliyini
qorumaq və əhalinin ekoloji məsuliyyətini artırmaqdır.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi
və ekoloji dayanıqlılığın təmin edilməsi Azərbaycanda dövlət siyasətinin
prioritet istiqamətlərindəndir. “AzerGold” QSC də bu siyasətə töhfə olaraq fəaliyyət
göstərdiyi bölgələrdə yaşıllıq sahələrinin artırılması, ərazilərin
tullantılardan təmizlənməsi və ekoloji maarifləndirmə istiqamətində ardıcıl təşəbbüslər
həyata keçirir. Bu təşəbbüslər təmiz və sağlam ətraf mühitin qorunmasına, eləcə
də dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.