“Vahid məktəbli formasının tətbiqi Azərbaycanın konstitusion əsaslarına, dünyəvi dövlət və təhsil prinsiplərinə uyğun yanaşmadır”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
"Dünyəvilik prinsipinin mahiyyəti dövlətin dinlə münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsində, dövlət idarəçiliyinin və təhsil sisteminin dini təsir və ideologiyalardan müstəqil fəaliyyət göstərməsində ifadə olunur. Bu baxımdan dünyəvi təhsil məktəbdə dini və ya ideoloji təbliğatdan uzaq, bütün şagirdlər üçün bərabər, neytral və inklüziv mühitin yaradılmasını nəzərdə tutur.
Sirr deyil ki, məktəb yalnız bilik verən müəssisə deyil. O, eyni zamanda cəmiyyətin gələcəyini formalaşdıran, konstitusion dəyərlərə və dövlətçiliyə hörmət edən vətəndaşlar yetişdirən, uşaqları birgə yaşamağa və ümumi qaydalara əməl etməyə hazırlayan mühüm sosial institutdur. Buna görə də məktəbdə vahid geyim qaydalarının və ümumi davranış standartlarının müəyyən edilməsi təhsil prosesinin ayrılmaz hissəsidir.
Təəssüf ki, bu qərarı qəsdən dinə və ya dini inanclı insanlara qarşı yönəlmiş addım kimi təqdim etməyə çalışan qüvvələr də var. Bəzi dairələrin bu həssas mövzudan istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa və dövlət siyasətinə qarşı narazılıq formalaşdırmağa çalışması qətiyyən qəbuledilməzdir.
Bu məsələdə İranın müəyyən dairələrinin, “Səhər” televiziya kanalının və mollakratiyanın bəzi təmsilçilərinin açıq şəkildə təxribati çağırışlarının hər gün şahidi oluruq. Məktəblərin birində İranın dini-ideoloji təsirini əks etdirən şüarların səsləndirilməsi, məktəbin qapı və pəncərələrinin sındırılması və zorakı üsullara əl atılması kimi hallar isə məsələnin sadəcə geyimlə bağlı olmadığını sübut edir".
"Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda dövlət siyasəti və dövlət institutları dinə və dini inanclara qarşı yönəlməyib. Əksinə, dövlətimiz milli-mənəvi və dini dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Cənab Prezidentin bu yaxınlarda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərini qəbul edərkən etdiyi çıxışı yəqin, müəllimlərimiz yaxşı xatırlayır. Həmin çıxışda islam həmrəyliyinin və birliyinin əhəmiyyəti, dini və mənəvi dəyərlərimizin yad təsirlərdən qorunmasının vacibliyi bir daha vurğulanmışdı. Bu mövqe parçalanma və qütbləşmə meyillərinin gücləndiyi İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş mühüm çağırışdır.
Burada başqa bir vacib məqamı da xatırlatmaq istərdim ki, Azərbaycanda hər kəs ictimai həyatın müxtəlif sahələrində, küçədə və digər sosial məkanlarda dini elementləri özündə ehtiva edən geyim seçməkdə sərbəstdir. Lakin məktəb ümumi təhsil və tərbiyə məkanıdır və burada müəyyən edilmiş geyim qaydalarına əməl olunması zəruridir. Söhbət yalnız dini geyimdən getmir. İstənilən fərqli geyim standartlarının məktəb mühitində sərbəst şəkildə tətbiq edilməsi vahid qaydaların pozulmasına, şagirdlər arasında fərqlərin daha qabarıq görünməsinə və məktəbin ümumi nizam-intizamına xələl gəlməsinə səbəb olar. Belə olan halda, məktəb mühitinin, şagirdlərimizn, xüsusilə azyaşlı övladlarımızın hər hansı zərərli ideoloji təsirdən qorumaq çox çətin olar.
Digər tərəfdən, azyaşlı uşaqların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasının ayrıca yaş dövrü var. Uşaqların üzərinə ailə və ya kənar mühit tərəfindən müəyyən geyim və davranış tərzinin təzyiq yolu ilə qoyulması yolverilməzdir. Bu baxımdan vahid məktəbli formasının məqsədi kiminsə dini inancına qarşı yönəlməyib, burada əsas məqsəd məktəbdə bütün uşaqlar üçün ortaq, bərabər və dünyəvi təhsil mühitini qorumaqdır. Müəllimlər üçün işgüzar geyim tələbləri də eyni yanaşmanın tərkib hissəsi kimi peşəkarlığı, məsuliyyəti və təhsil müəssisəsinə hörməti ifadə edir. Çünki müəllimlərimiz hər zaman şagirdlər üçün nümunə olublar, bəzən onların ldealları kimi çıxış ediblər. Belə olanda biz gərək konstitusiyanın tələblərinə mütləq əməl edək və işgüzar geyim formasını tətbiq edək".
"Geyim kodeksinə riayət olunması həm də məktəb-valideyn əməkdaşlığının güclənməsini tələb edir. Bu mənada vahid məktəbli geyimi sadəcə xarici görünüş məsələsi deyil, həm də təhsil fəlsəfəsi, sosial adaptasiya və məktəb mədəniyyəti ilə bağlı məsələdir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etmək həm şagirdlərin, həm valideynlərin, həm də müəllimlərin ortaq məsuliyyətidir.
Hesab edirəm ki, bu məsələdə dövlət siyasətinin mahiyyəti hamıya aydındır: dövlətimizin konstitusion quruluşuna və qanunvericiliyinə hörmət etmək, müəyyən edilmiş qaydalara əməl etmək, dünyəvi və inklüziv təhsil mühitini qorumaq və yüksək bilikli vətəndaşlar yetişdirmək".
"Bir də unutmamalıyıq ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, möhkəm milli birliyə və siyasi həmrəyliyə nail olmuş Azərbaycan xalqının bu nailiyyətlərini zəiflətməyə, cəmiyyətdə süni nifaq toxumu səpməyə çalışan qüvvələr də var. Bu baxımdan milli birliyimizin, ictimai sabitliyimizin və dövlətçiliyimizin qorunması hamımızın ortaq vəzifəsidir. Bu həssas mövzudan sui-istifadə edərək cəmiyyətdə süni qarşıdurma yaratmaq istəyənlərə imkan verməməliyik.
Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin geyimdə təzahürünün və ayrı-seçkilik risklərinin azalmasına, məktəbə aidlik hissinin güclənməsinə necə töhfə verə bilər?
Əvvəlki sualınızda qismən də olsa bu suala cavab verdim. Əlbəttə, hamımız məktəbli olmuşuq və vahid məktəbli formasının şagirdlər arasında bərabərliyin qorunmasında hansı rol oynadığını yaxşı bilirik. Bu forma uşaqların ailələrinin maddi imkanlarından asılı olmayaraq məktəbə eyni şəraitdə gəlməsinə və özlərini kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsinə kömək edir.
Təsəvvür edin ki, bir şagird məktəbə dəbdəbəli və bahalı geyimdə gəlir, digərinin ailəsinin isə belə geyim almağa imkanı yoxdur. Bu fərq uşaqlar arasında təbəqələşməyə, özünəinamın azalmasına, psixoloji sarsıntılara və ayrı-seçkilik hissinin yaranmasına səbəb olur. Belə hallar şagirdin dərslərinə, davamiyyətinə, sinif yoldaşları ilə münasibətlərinə, hətta ailə daxilindəki əhval-ruhiyyəsinə və davranışına da mənfi təsir göstərir.
Məhz buna görə vahid məktəbli forması sosial-iqtisadi fərqlərin geyim vasitəsilə nümayiş etdirilməsinin və bunun doğura biləcəyi ayrı-seçkilik risklərinin azaldılmasında mühüm vasitədir. Əlbəttə, forma cəmiyyətdə mövcud olan bütün sosial fərqləri aradan qaldırmır, lakin onların məktəb mühitində qabardılmasının qarşısını almağa ciddi kömək edir.
Burada ardıcıllıq və ümumi qaydalara hamı tərəfindən əməl olunması da mühüm əhəmiyyət daşıyır. Əgər vahid geyim konsepsiyasının ayrı-ayrı elementləri üzrə istisnalara yol verilərsə və kiməsə müəyyən edilmiş qaydalardan kənara çıxmaq imkanı yaradılarsa, o zaman vahidliyin və bərabərliyin qorunması mümkünsüz olar. Buna görə məktəbdə inklüzivliyin, birliyin, bərabərliyin və həmrəyliyin qorunması, şagirdlərin diqqətinin xarici görünüşə deyil, dərsə, biliyə və şəxsi inkişafa yönəldilməsi üçün vahid geyim forması vacibdir. Məqsədimiz uşaqların özlərini məktəb kollektivinin ayrılmaz hissəsi kimi hiss etmələrinə, bərabər imkanlar şəraitində təhsil almalarına və gələcəkdə savadlı, məsuliyyətli, dövlətinə və xalqına layiq vətəndaşlar kimi yetişmələrinə nail olmaqdır.
Fürsətdən istifadə edib bütün müəllimlərimizi səmimi-qəlbdən salamlayır, onların fədakar əməyini yüksək qiymətləndirir və hər birinə təşəkkür edirəm. Həyatda əldə etdiyimiz uğurların arxasında, ilk növbədə, müəllimlərimizin əməyi, zəhməti və bizə aşıladıqları biliklər dayanır. Müəllimlik yalnız peşə deyil, həm də böyük məsuliyyət və mənəvi missiyadır.
Əminəm ki, müəllimlərimiz dövlətimizin xoş niyyətinə əsaslanan, təhsilin dünyəvilik, bərabərlik və inklüzivlik prinsiplərinin qorunmasına xidmət edən bu yanaşmaya anlayışla yanaşacaq, məktəblərdə müəyyən edilmiş qaydalara əməl olunmasına öz töhfələrini verəcəklər. Eyni zamanda, bu həssas məsələdən sui-istifadə edərək dövlətimizə və cəmiyyətimizə qarşı yönəlmiş məqsədlər güdən qüvvələrə fürsət verməyəcəklər.
Müəllimlərimizin üzərinə düşən şərəfli missiya gələcəyimizin etibarlı təməllərini qurmaqdır. Bu missiyanın uğurla həyata keçirilməsi üçün məktəbdə sağlam, nizam-intizamlı, bərabər və dünyəvi təhsil mühitinin qorunması hamımızın ümumi məsuliyyətidir".