Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki,
onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən
sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü
də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası
uğrunda aparılan mübarizənin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin,
xalqımızın sarsılmaz birliyinin və Vətənə bağlılığının rəmzidir.
Zəngilan şəhərinin azad olunması Azərbaycanın müasir tarixində mühüm dönüş
nöqtələrindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın
başlanğıcını ifadə edir. 20 Oktyabr hər bir azərbaycanlı üçün milli qürurun,
tarixi ədalətin və gələcəyə inamın ifadəsidir.
Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə
seçilən qədim yaşayış məskənlərindən biridir. Zəngilan tarixən Azərbaycanın
iqtisadi, mədəni və ictimai həyatında özünəməxsus yer tutmuşdur. Bu torpaqlarda
formalaşan yaşayış məntəqələri, xalqımızın adət-ənənələri, ailə və icma münasibətləri,
sənətkarlıq və təsərrüfat ənənələri bölgənin zəngin mədəni irsini təşkil edir. Zəngilanın strateji mövqeyi onun tarix boyu
xüsusi əhəmiyyət daşımasına səbəb olmuşdur. Rayonun nəqliyyat-kommunikasiya
imkanları, sərhədyanı yerləşməsi və təbii ehtiyatları bu ərazini Azərbaycanın
regional inkişafı baxımından da mühüm məkana çevirir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin bir sıra əraziləri işğala məruz
qaldı. Zəngilan rayonu da bu təcavüzün ağır nəticələrini yaşayan bölgələrdən
biri oldu. 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edildi. Bununla da rayonun dinc əhalisi doğma yurdlarından didərgin
düşmək məcburiyyətində qaldı. İnsanlar evlərini, torpaqlarını, təsərrüfatlarını
və illərlə formalaşdırdıqları həyatlarını geridə qoyaraq Azərbaycanın müxtəlif
bölgələrində məskunlaşdılar. İşğal dövründə Azərbaycanın digər işğal altındakı ərazilərində
olduğu kimi, Zəngilanın da yaşayış məntəqələri, infrastruktur obyektləri və mədəni
irsi ciddi dağıntılara məruz qalmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı
əks-hücum əməliyyatları tarixə Vətən müharibəsi kimi düşdü. Müharibə Azərbaycan
xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini
bütün dünyaya nümayiş etdirdi.
Ali Baş Komandan cəmab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində
uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Döyüş meydanında qazanılan nailiyyətlər
Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru mühüm addımlar oldu. Nəhayət,
2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin
azad edildiyini elan etdi. Zəngilanın azad edilməsi hərbi baxımdan da mühüm əhəmiyyət
daşıyırdı. Bu uğur Azərbaycanın cənub-qərb istiqamətində mövqelərini gücləndirdi
və regionda yeni strateji imkanlar yaratdı.
Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinin əsas
istiqamətlərindən biri Böyük Qayıdış proqramıdır. Bu proqramın başlıca məqsədi
doğma torpaqlarından didərgin düşmüş vətəndaşların təhlükəsiz, layiqli və
davamlı yaşayışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması,
iqtisadi fəallığın bərpası və müasir infrastrukturun yaradılmasıdır.
İşğaldan azad olunmuş ərazilərdə hazırda yüz
minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin
bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf
olunmuşdur.
Zəngilan bu prosesin mühüm
istiqamətlərindən biridir. Burada yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi,
elektrik və su təchizatının qurulması, sosial obyektlərin yaradılması, məşğulluq
imkanlarının genişləndirilməsi və müasir şəhərsalma prinsiplərinin tətbiqi
istiqamətində işlər aparılır.
Zəngilanda yeni yaşayış
mühitinin yaradılması müasir şəhərsalma yanaşmaları, ekoloji tarazlığın
qorunması və dayanıqlı inkişaf prinsipləri ilə əlaqələndirilir. Məqsəd sakinlərin
rahat yaşaması, işləməsi, təhsil alması və sosial xidmətlərdən istifadə etməsi
üçün əlverişli şərait formalaşdırmaqdır. Böyük Qayıdışın uğurla həyata keçirilməsi
üçün təhlükəsizlik, mina və partlamamış hərbi sursat təhlükəsinin aradan
qaldırılması, məşğulluq, səhiyyə, təhsil və kommunal xidmətlərin davamlı təminatı
xüsusi əhəmiyyət daşıyır.
Zəngilan rayonunun yenidən
qurulması ilə bağlı ən diqqətçəkən layihələrdən biri Ağalı kəndinin bərpasıdır.
Ağalı kəndi müasir şəhərsalma və kəndsalma yanaşmalarının, rəqəmsal həllərin,
ekoloji prinsiplərin və sosial infrastrukturun bir araya gətirildiyi layihə
kimi tanınır. “Smart Village” – “Ağıllı kənd” yanaşması çərçivəsində yaşayış
evlərinin, sosial obyektlərin, kommunal sistemlərin və kənd təsərrüfatı
imkanlarının müasir tələblərə uyğun qurulmasına diqqət yetirilir.
2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində
84 ailə (339 nəfər), Ağalı kəndinə 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndinə
179 ailə (903 nəfər) məskunlaşmışdır. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən
peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar
müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində,
tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan
Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm
faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri,
o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Hava limanı ICAO və
IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Zəngilan
Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən
əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı
infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Horadiz-Zəngilan-Ağbənd
dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad
edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün
böyük əhəmiyyətə malik olacaq.
Zəngilan
rayonunun coğrafi mövqeyi, beynəlxalq nəqliyyat infrastrukturu, dəmir yolu və
avtomobil yollarının inkişafı, eləcə də İran və Ermənistanla sərhəd ərazilərində
həyata keçirilən layihələr rayonun gələcəkdə mühüm beynəlxalq nəqliyyat-logistika
qovşağına çevrilməsi üçün əsas yaradır. Zəngilanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat
istiqamətlərinin əlaqələndirilməsində mühüm rol oynaya biləcək.
Zəngilan təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün nəqliyyat
mərkəzinə çevriləcək. Bu şəhərdə dəmir yolu tikintisi davam etdirilməsi, Zəngilan
Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Zəngəzur
dəhlizi Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar
Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının
yaradılmasını nəzərdə tutur.
Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizi layihəsinin mühüm infrastruktur hissələrindən biridir. Layihə Azərbaycan ərazisində yeni dəmir yolu bağlantısının yaradılmasını və beynəlxalq yükdaşımalar üçün nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Milli Məclisin deputatı
Pərvanə
Vəliyeva.