"“44” filmi məndə çox böyük təəssürat yaratdı. 44 günlük müharibə haqqında eşitmişdim, amma filmə baxanda elə bil özümü müharibənin içində hiss etdim, həmin döyüşləri öz gözlərimlə gördüm".
Bunu Xalq artisti, aktyor Rafiq Əzimov Manset.az-a açıqlamasında “44” bədii filmi haqqında danışarkən bildirib. O qeyd edib ki, filmdə döyüş səhnələri olduqca real və təsirlidir. Aktyor qəhrəman oğullarımızın göstərdiyi şücaətin təqdirəlayiq olduğunu vurğulayıb.
“Qəhrəman oğullarımızın göstərdiyi şücaət həqiqətən də təqdirəlayiqdir. Onlar bizə sübut etdilər ki, Şuşanın dağlarını, qayalarını bir başqası kimi görmək yox, öz gözlərinlə görmək tamam başqa hissdir. Bir var hadisələri eşidəsən, bir də var onları gözlərinlə görəsən. Filmin yaradıcılarına müharibəni bu qədər real və təsirli şəkildə təqdim etdiklərinə görə dərin təşəkkürümü bildirirəm. Film bir daha sübut etdi ki, 44 günlük müharibədə bizim oğullarımız qalib gəliblər. Bəzi epizodları görəndə insan qürurla deyir: bəli, bizim xalqımız qəhrəman xalqdır.
“44” filminin yaradıcıları bizə qəhrəmanlarımızı bir daha nümayiş etdirdilər. Mən filmdə tanıdığım aktyorları da gördüm. Qurban İsmayılov, Allah canını sağ eləsin, bizim gözümüzün qarşısında böyüyən, inkişaf edən aktyordur. Mehriban Zəkinin də filmdə rol aldığını gördüm.
Həqiqətən də, film insanı başqa bir aləmə aparır. O aləmdə xalqımızın qəhrəmanlığı bir daha öz təsdiqini tapır. Yenə deyirəm, Allah yaradıcı heyətə can sağlığı versin, uğurları bol olsun. Biz bu filmi çoxdan gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar həqiqətən də böyük bir tarix yaratdılar. Bu, əbədi yaşayacaq bir tarixdir. Hamını təbrik edirəm, qəhrəmanlarımızı bağrıma basıram!” – deyə R.Əzimov fikirlərini yekunlaşdırıb.