“AzerGold” QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq “MiningMetals” yubiley sərgisində iştirak edib.
Manset.az xəbər verir ki, 27–29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib.
Sərgidə ölkəmizlə
yanaşı, 18 ölkəni təmsil edən 163 şirkət iştirak edib. Tədbir çərçivəsində
faydalı qazıntıların hasilatı və emalı üçün müasir avadanlıqlar, innovativ
texnologiyalar, laboratoriya sistemləri və sənayedə tətbiq olunan rəqəmsal həllər
nümayiş etdirilib.
Sərgidə xüsusi stendlə
təmsil olunan “AzerGold” QSC beynəlxalq tərəfdaşlara və ziyarətçilərə şirkətin
10 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlər, ölkə iqtisadiyyatına
verdiyi töhfələr və gələcək inkişaf istiqamətləri barədə məlumat təqdim edib.
Bununla yanaşı, stenddə şirkətin Özbəkistanda təsis etdiyi ilk xarici törəmə müəssisəsi
– “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti,
ölkədə həyata keçirilməsi nəzərdə tutulan geoloji kəşfiyyat işləri və
perspektiv birgə layihələr barədə məlumat verilib.
Stendin ziyarətçilərinə
virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə virtual səyahət etmək imkanı
yaradılıb. İştirakçılar faydalı qazıntıların hasilatından qızıl-gümüş xəlitəsinin
əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar.
Bununla yanaşı,
“AzerGold” QSC-nin qızıl və gümüş məhsulları sərgidə nümayiş etdirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr
olunmuş, “Smartminting” texnologiyası ilə 3D formatında hazırlanmış “100 il və
onun fövqündə bir irs” adlı unikal qızıl sikkə, “Qarabağ” kolleksiyası və Azərbaycanın
təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim ənənələrini əks etdirən
ümumilikdə 27 çeşiddə sikkə ziyarətçilərin böyük marağına səbəb olub.
“AzerGold” ilk dəfə təmsil olunduğu 20-ci Beynəlxalq “MiningMetals” yubiley sərgisinin
“Ən yaxşı məhsul təqdimatı” nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki,
“MiningMetals” sərgisi bu günədək 41 ölkədən 1723 şirkət və brendi bir araya gətirib,
ekspozisiyanı ümumilikdə 79 827 nəfər ziyarət edib. Beynəlxalq dağ-mədən və
metallurgiya sənayesinin mühüm platformalarından olan sərgi təcrübə mübadiləsi,
yeni işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə
imkan yaradır.