Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Manset.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb.
Bildirilib ki, Hacıqabul rayonunda ümumiyyətlə kanalizasiya şəbəkəsi mövcud deyil.
İlkin araşdırmalar zamanı hadisənin yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxında baş verdiyi müəyyən edilib. Həmin arxların dərinliyinin, adətən, 15-20 santimetr təşkil etdiyi və kanalizasiya infrastrukturu ilə əlaqəsinin olmadığı vurğulanıb.
Qeyd olunub ki, mərhumun səhhətində problemlər olub. Hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir.
Ölümün dəqiq səbəbi müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.