Teymur Sərkarov tez-tez şəhidlər xiyabanına gəlir, yaxınlarını və cəmi şəhidlərimizi anır. Əsgərovlar ailəsinin beş üzvü müsahibimizin ən yaxınları olub. 17 oktyabr gecə saat bir radələrində erməni terrorçuları növbəti dəfə Gəncəni hədəf alanda atılan raket Muxtar Hacıyev küçəsində Əsgərovlar ailəsinin evinin üzərinə düşür. Nəticə etibarı ilə Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Sevil Əsgərovanın 1- yaşlı qız övladı Narin və Nigar həyatını itirir. Sevil Əsgərova və Nigar Teymur Sərkarovun bacısı və bacısı qızıdır.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Teymur Sərkarov baş verənləri bu cür xatırlayır:
"Yaşananlar çox ağırdır. Bir gecədə günahsız ailə, körpələr həyatlarını itirdi. İndi geriyə onların xatirəsi qalıb".
Müsahibimiz deyir ki, tək təsəlli torpaqlarımızın işğaldan azad olunmasıdır.
Ümumilikdə 2020-ci ilin oktyabr ayı ərzində erməni terrorçularının Gəncəni "Skad", "Smerç" və "Toçka U" raketləri ilə hədəf alması nəticəsində 6-sı uşaq olmaqla 26 nəfər dinc sakin həyatını itirdi, 29-u uşaq olmaqla 127 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti aldı.
Ermənilərin uşaq qatili olduğunu onsuz da Birinci Qarabağ savaşından yaxşı bilirdik. Lakin XXI əsrdə Beynəlxalq hüququn işlədiyi bir dövrdə belə bir hərbi cinayətin cavabsız qalması, dünya ictimaiyyətinin bu terrora lazımi qiyməti verməməsi təəssüf doğurucudur.






