59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ötən gün Azərbaycan və Ermənistan liderlərinin növbəti Münhen dueli Nikol Paşinyanın ikinci dəfə ağır məğlubiyyəti ilə nəticələndi. Konfransın işə başlamasından rəsmi İrəvandan mtbuata bəyanatla bildirilsə də ki, Paşinyan Əliyevlə görüşməyəcək, amma gözləntilərin tamamilə əksi oldu.
Ermənistan tərəfindən deyilənlər yenə öz təsdiqini tapmadı, Konfrans ərəfəsində Ermənistan baş naziri ilə Azərbaycan Prezidenti arasında üstəlik bir yox, düz iki görüş gerçəkləşdi. Öncə fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə belə bir görü. gerçəkləşdi, ardınca da panel müzakirələr amanı iki ölkə lideri üz-üzə gəldi.
Demək olar ki, Ermənistan Respublikası Baş Nazirinin Münhendə keçirilən Təhlükəsizlik konfransında iştirakı əvvəldən axıra qədər sir pərdəsi ilə örtülü oldu. Onun ilkin mərhələdə Laçın – Xankəndi yolunda uydurma blokadanı nəzərə alaraq iştirak etməyəcəyi barədə məlumat verdilər. Sonra isə bildirdilər ki, iştirak edəcək, amma Azərbaycan-Ermənistan münasibətləri bu konfransda Ermənistanın xahişinə görə müzakirə edilməyəcək. Amma konfransın təşkilatçılarının cidd dəlilləri qarşısında Ermənistan geri çəkilərək Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi konfransın plenar iclasına salındı.
Bu iki görüşdən böyük maraqla gözləniləni şübhəsiz ki, panel müzakirələr oldu. 44 günlük müharibədən 7 ay öncə - 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevlə Nikol Paşinyanın ilk debatı təşkil olunmuşdu. Paşinyanın "kokeyşn büro" söhbəti ilə yadda qalan, İrəvanın fiaskoya uğraması ilə tarixə köçən debat həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi kimi xatırlanır.
Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Onu da qeyd edək ki, Paşinyanın "Qarabağ Ermənistandır" şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Rəsmi İrəvanın proseslərə bu cür münasibəti nəticə etibarı ilə yekunda Vətən müharibəsini qaçılmaz etdi.
Ermənistan hakimiyyəti Münhen konfransı öncəsi beynəlxalq ictimiayyəti Azərbaycana qarşı qaldırmaq, sülh sazişini güya manipulyasiya edən tərəf kimi Azərbaycanı təqdim etmək adına məkirli planlar, oyunlar üzərində çox baş sındırsa da Azərbaycan Prezidentinin əlində olan daha ciddi dəlillər Paşinyanı susdurmağa, növbəti dəfə fakt qarşısında qoymağa kifayət etdi.
İlham Əliyevin istər Xankəndinin güya Azərbaycan tərəfindən blokadaya salınması, istər delimitasiya-demarkasiya məsələləri ilə bağlı Bakının mövqeyi, istərsə də Zəngəzur dəhlizi ilə Laçın yolunda nəzarət keçid məntəqələrinin yaradılması zərurəti ilə bağlı detalları beynəlxalq ictimaiyyətin qarşısında bir-bir ortaya qoyması, Ermənistana qarşı tutarlı arqumentlərlə çıxışı növbəti dəfə Nikol Paşinyana çətin anlar yaşadıb, onu fakt qarşısında qoyub.
Bəlkə də Nikol Paşinyan Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusqenin moderator olduğu panel müzakirədə İlham Əliyev qarşısında növbəti dəfə aciz duruma düşəcəyini, İrəvana əli ətəyindən uzun şəkildə qayıdacağını bilsəydi, böyük ehtimalla bu debatdan imtina edərdi.
Düzü Azərbaycan Prezidenti budəfəki plenar iclasda sərt ritorikadan çıxış etmədi. Səbəblər yetəri qədərdir: İlk öncə ona görə ki, regionda 3 il əvvəlki vəziyyət artıq yoxdur, geosiyasi vəziyyət indi tamamilə Azərbaycanın xeyirinə cərəyan edir. Üstəlik postkonflikt dövründə Azərbaycan 44 günlük müharibədəki qələbəsini daha da taclandıraraq üstün tərəf kimi proseslərə diqtə edən aktor kimi diqqət mərkəzindədir.
Bu səbəbdən də İlham Əliyev ötən konfranslarda olduğu qədər sərt deyildi. Azərbaycan dövlət başçısının ortalığa qoyduğu faktlar qarşısında Paşinyanın söylədiklərinin hamısı günahsız uşağın özünə haqq qazandırmaq cəhdindən başqa bir şeyə bənzəmədi. Bir ərgən cəzalandırılmaqdan qaçmaq üçün müxtəlif üsullara hər cür yalana əl atdığı kimi Paşinyan da müxtəlif vasitələrə çalışırdı ki, Əliyevin faktlara əsaslanan tutarlı arqumentləri qarşısında nəsə desin. Amma dedikləri hamısı dəlilsiz, sübutsuz, boş söz yığınından başqa bir şey deyildi.
Bir şey aydıən göründü ki, bu dəfə də Ermənistan Baş naziri Münhen nokautdan qaça bilmədi. İlham Əliyev bir daha dünya ictimaiyyətinin gözü qarşısında nümayiş etdirdi ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı bir reallıq var və bu reallığı Ermənistan başda olmaqla onun ən böyük havadarları da qəbul etməlidirlər. Əks təqdirdə Ermənistan regionda hər hansı bir yaxşı gələcəyə ümid etməməlidir.
Bu, sülhdən yayınmaq üçün manipulyasiyadan başqa bir şey deyil. Hadisələrin bu cür inkişafı isə regionda növbəti eskalasiyanı qaçılmaza çevirə bilər. Görünür Paşinyan hakimiyyətinə növbəti hərbi əməliyyatlar üçün müsbət siqnallar ötürüblər. Amma rəsmi İrəvan bilməlidir ki, bu dəfə silahlı total toqquşma baş verəcəksə, həmin ərazi Ermənistanın hazırki ərazisini əhatə edəcək. Bu dəfə isə Azərbaycan Ordusunun növbəti dayanacağı Zəngəzur (Sünik), Vedi (Ararat) və Dərələyəz (Vayots Dzor) olacaq.
Atabəy Türkel