Makron Rusiyanın ayağına "basdı" - Ermənistan yeni fəlakətin ASTANASINDA

11:07 - 07 Oktyabr 2023

Makron Rusiyanın ayağına \"basdı\" - Ermənistan yeni fəlakətin ASTANASINDA

Cənubi Qafqazı yenidən qan çalağına döndərmək istəyən xarici qüvvələr aktivləşiblər. Şübhəsiz ki, bu məsələdə öndə Fransanın adını qeyd edə bilərik. Rəsmi Paris Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı nəyinki 3 ildir qəbul edə bilmir, bu reallığı dəyişmək üçün yeni bir eskalasiyaya "şərait" belə yaratmaqda maraqlı olduğunu gizlətmir. 

3 gün əvvəl İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Kolonna Ermənistana silah satışı ilə bağlı razılaşma əldə olunduğunu, lakin razılaşmanın detalları barədə məlumat verilməyəcəyini açıqlayıb. Kolonna deyib ki, Ermənistan Fransa kimi müttəfiqin ardıcıl dəstəklərinə güvənə bilər.

Bu açıqlamalar təkcə Ermənistana dəstək ifadə etmir, eyni zamanda Azərbaycana bir təhdid qoxusunu açıq duymaq mümkündür. Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsi məsələsinin də arxasında məhz Fransanın dayandığını əminlikdə deyə bilərik. 

Kolonnanın mövqeyi ilə AP-nin anti-Azərbaycan qətnaməsi tamamilə bir-birini tamamlayır və hər iki qərarın məhz eyni vaxtda paralel olaraq verilməsi bu iddiaların doğruluğuna şübhə yeri qoymur. 

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Ermənistana “Ermənistan mövcud hərbi ittifaqlarına yenidən baxarsa Avropa İttifaqının təhlükəsizlik dəstəyinə ümid edə bilər”, - şəklində mesajın da yer alması Fransanın mütəşəkkil şəkildə tək Azərbaycanı hədəf aldığını yox, eyni zamanda Rusiyanın da Cənubi Qafqazdakı mövqeyini ciddi təhlükə altına almaq niyyətindən xəbər verir. 

Çünki bu açıqlamadan belə nəticə çıxır ki, Ermənistan Moskva ilə strateji müttəfiqlikdən, Rusiyanın hərbi bazalarından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina edərsə, Brüssel Ermənistana müdafiə dəstəyi verəcək. Bu bəyanat Ermənistanın başının altına yastıq qoymaqdan başqa bir şey deyil. Belə düşünməyə kifayət qədər əsaslar mövcuddur:

- Avropa İttifaqının təhlükəsizlik strukturu yoxdur. Belə olan halda Fransanın adı ilə bir gə hallanan Aİ və kollektiv Qərb anlayışı hansı məntiqlə Ermənistana müdafiə qoşunları cəlb etmək imkanlarından danışa bilər?

- Əgər Avropa Parlamenti burada NATO-ya işarə edibsə, Ermənistanın bu təşkilata üzvlüyə qəbul edilməsi də mümkün deyil. Ən azı NATO üzvü Türkiyə buna imkan verməz. Brüssel Ermənistana sadəcə deyib ki, “Sən Rusiyadan qurtul, qalanı bizlikdir”. Beləcə, Fransa Ermənistanı növbəti dəfə sonu görünməyən qaranlıq bir quyunun dibinə salır. 

Rusiyanın Ermənistanla bağlı həssaslığı elə Nikol Paşinyan hakimiyyətinə də bəllidir. Kreml bölgənin əsas açarı olan Qarabağ məsələsində Azərbaycanın uğurlu siyasi hə hərbi addımları qarşısında məğlub duruma düşsə də, Ermənistanı Qərbə uduzmaq niyyətndə deyil. Çünki Rusiya yaxşı anlayır ki, uzun illər forpostu olan Ermənistanı Fransanın morionetkası kimi yoluna davam etməyə imkan vermək Cənubi Qafqazda təsir imkanlarını tamamilə itirmək deməkdir. 

Məhz bu amilləri nəzərə alan Kreml rəhbərliyi Qarabağla bağlı yekun proseslər də daxil olmaqla Azərbaycanın qəbul etdiyi son geosiyasi qərarlarda neytral mövqe sərgiləməsi Moskvanın da işinə yaraya bilər. Çünki Azərbaycan Fransanın beynəlxalq hərbi birləşmə adı altında sərhədlərinə kimi gəlməsinə heç cürə imkan verməyəcək. Bu məsələdə Türkiyənin həssaslığı da Rusiyanı məhz Bakı və Ankara ilə ortaq dil tapmağa, onlarla münasibətləri qoruyub saxlamaq üçün şərtlərinə daha isti yanaşmağa səbəb olur.

Prezident İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası da heç şübhəsiz ki, Ankara qədər Rusiyanı da məmnun etdi. Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndirdikləri vəziyyətdə rəsmi Bakının onların şərtlərinin daha çox diqtə ediləcəyi ehtimalı yüksək olan masa arxasında əyləşməsi mümkün olacaq iş deyildi. Onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər.

Halbuki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində bir geriləmənin şahidi olduq. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi. Rusiya da məhz özünün ofsayda qaldığı bu formatda Cənubi Qafqaz uğrunda mövqe savaşında əsas maneəyə çevrilməkdə olan kollektiv Qərbin belə bir planının baş tutmamasından ancaq məmnun ola bilər. 

İlham Əliyevin “masada Fransa və Almaniya varsa Türkiyə də olmalıdır” tələbi olduqca yerində verilmiş qərardır. Yaxşı olar ki, Aİ Bakının mövqeyini mütləq nəzərə alsın. Çünki təklifi qulaqradına vuracaqlarsa Brüsselin vasitəçiliyi heçə enəcək. Azərbaycan Qarabağı tamamilə nəzarətə götürməklə onsuz da ərazi bütövlüyü məsələsini kökündən həll etmiş oldu. Bir tərəfdə yeni reallıq yaradan Azərbaycan, digər tərəfdə isə ağır diplomatik və hərbi məğlubiyyətlər alan Ermənistan var. Sülh sazişi Ermənistan üçün hazırki vəziyyətdə daha vacibdir. Əks təqdirdə Ermənistan nəyinki regional və qlobal layihələrdən kənarda qalmaqda davam edəcək, eyni zamanda dalan dövləti kimi sonunu daha da tezləşdirə bilər.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az