Rəsmi Bakının 44 günlük müharibədən sonrakı bəyanatları, atdığı birtərəfli addımlar onu göstərirdi ki, ölkəmiz Qarabağ üzərində suverenliyini çox yaxın tezlikdə tamamilə bərqərar edəcək. Bunun bölgədə yaşayan ermənilərlə və ya ermənilərsiz baş tutacağı artıq onların öz seçimi idi. Qarabağ erməniləri öz seçimlərini etdilər və Ermənistan rəhbərliyi, habelə separatçı xunta başçılarının təşkilatçılığı ilə könüllü şəkildə ərazini tərk etdilər.
Artıq Azərbaycan bayrağı dünəndən etibarən rəsmi olaraq Xocalı, Əsgəran, Ağdərə və Xankəndində ucaldıldı. Bu isə o deməkdir ki, ermənilərin və erməniçiliyi təbliğ edən, separatizmi dəstəkləyən Qərb dairələrinin qondarma arzuları, xülyaları gorbagor oldu. Azərbaycan Qarabağa nəzarəti tamamilə bərqərar etdi, 30 ildən artıq müddətdir ki, işğalda olan torpaqlarımız bu gün artıq öz azadlığına, sahiblərinə qovuşub.
Bu fakt o deməkdir ki, Ermənistanın Azərbaycanla sülh danışıqları masasında əlini daha da zəiflətdi. Əgər indiyə kimi rəsmi İrəvan Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini qabardaraq Azərbaycana bu məsələ üzərindən təzyiq vasitəsi kimi istifadə etməklə sülh danışıqlarına bu və digər yollarla mane olmaq, vaxt qazanmağa can atırdısa, indən belə Nikol Paşinyan hakimiyyətinin daha belə bir şansı da qalmadı.
Böyük ehtimalla Ermənistan hakimiyyəti bu vəziyyətdən özləri üçün çox vacib dərs də çıxartmalı olduqlarını nəhayət anlamalıdır. Çünki bölgədə sülhü təhdid edən tərəf hər zaman Ermənistan oldu. Hər danışıqlar öncəsi istər verdikləri bəyanatlar, səsləndirdikləri sərsəm fikirlərlə olsun, istərsə də mövqelərimiz istiqamətində silahlı təxribatlarla iki ölkə arasında davamlı sülhü dalana dirəməyə can atan tərəf Ermənistan oldu. Lakin Azərbaycanın 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror əməliyyatı göstərdi ki, indi Qərb və ermənipərəst digər təsisatlar Ermənistana nə qədər dəstəklərini ifadə etmək üçün Azərbaycana qarşı təzyiqləri artırsalar da, Azərbaycana qarşı son 3 ildə Ermənistan hər destruktiv mövqe sərgilədiyində daha böyük məğlubiyyətlər, ağır nəticələrlə üzləşməyi haqq edir.
Azərbaycan İkinci Qarabağ müharibəsinin ardından sülh prosesinə başlamaq üçün beynəlxalq hüquq normalarına və dövlətlərarası diplomatik münasibətlərin qurulması üzrə mövcud dünya təcrübəsinə söykənən 5 baza prinsipi irəli sürüb. Ermənistan bütövlükdə bu prinsipləri qəbul etsə də, tərəflər arasında həmin prinsiplərdən qaynaqlanan bir çox məsələ hələ də açıq şəkildə qalır. Rəsmi İrəvanın bu məsələlərə yanaşmasındakı natamamlıq və qeyri-konstruktivlik yekun razılaşmanın əldə olunması müddətini hələ də uzatdığını nəzərə alaraq bir də son hadisələrə dönüb baxdıqda demək olar ki, bu vəzoiyyətdən ən çox ziyan çəkən və zərərlə ayrılan tərəf yenə də Ermənistan olacaq.
Lakin təəssüflənərək qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi başı daşdan-daşa dəyməsinə rəğmən baş verənlərdən doğru-düzgün nəticə çıxartmaqda çox ciddi
problem yaşayır. Belə olmasaydı İrəvan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı dəfələrlə açıqlama versələr də, Paşinyanın bu yaxınlarda imzaladığı Qranada bəyannaməsində Azərbaycan və Ermənistanın ərazisi ikincinin xeyrinə “yuvarlaqlaşdırılaraq” ölkəmizin suveren torpaqlarının sahəsi azaldılmış şəkildə göstərilməzdi. Digər yandan onu da mütləq unutmaq olmaz ki, iki ölkə arasında mövcud anklavlar - Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi problemi də hələ də, razılaşdırılmayıb.
Qarşı tərəf indiyədək bu sahədə yalnız quru bəyanatlar verməklə kifayətlənir. Görünən isə odur ki, rəsmi İrəvan indən belə məhz anklavlar məsələsi üzərindn sülhə mane olmağın yollarını axtaracaq. Ermənistan hər dəfə yeni bir bəhanə tapdıqca isə Azərbaycan rəsmi İrəvanı çox məharətlə küncə sıxmağın yollarını tapır və qarşı tərəfin manevr imkanlarını yetəri qədər məhdudlaşdırmağın formulun bilir. Əgər rəsmi Bakı tərəflər üçün məqbul formada və ədalətli prinsiplər əsasında müqavilənin tezliklə imzalanmasına səy göstərirsə, İrəvan tam əksinə, konstruktiv olmayan mövqe sərgiləməklə və qeyri-məqbul şərtlər irəli sürməklə bu mühüm sənədin imzalanmasından boyun qaçırmağa çalışır.
Ermənistan anlamalıdır ki, Azərbaycanla mümkün sülh müqaviləsi bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik mühitini normallaşdıracaq ki, bu da ilk növbədə məhz rəsmi İrəvanın maraqlarına və gözləntilərinə uyğundur. Bölgədə böyük güclərin rəqabəti daim mövcud olub və bundan sonra da olacaq. Lakin sülh müqaviləsilə region ölkələri bu rəqabəti idarə edə biləcəklər. Halbuki, əgər müvafiq sənəd imzalanmazsa perspektivdə bölgədə yeni münaqişələrin baş verməsi qaçılmaz olacaq.
Bütün bunlar indi Ermənistanın qərarından asılıdır. İrəvan əgər yeni eskalasiya üçün özünü hazır hesab edirsə, hodri meydan. Azərbaycan bu regionda geosiyasi vəziyyəti artıq tamamilə xeyrinə dəyişməyi bacarıb və istər diplomatik, istərsə də hərbi-strateji nöqteyi nəzərdən bütün üstünlük bütünlüklə rəsmi Bakının əlindədir. Nikol Paşinyan hakimiyyəti əgər ki, belə bir vəziyyətdə Azərbaycana hərbi güc nümayiş etdirib vəziyyəti xeyrinə dəyişəcəyini zənn edirsə, o zaman bilməlidir ki, gələcəyi varsa, görəcəyi də olacaq. Özü də ona havadarlıq edib, milyonlarla dollar dəyərində hərbi texnika və siyasi dəstək göstərən hamiləri ilə birlikdə...
Atabəy Türkel