Rusiya bu zamana kimi qoynunda ilan bəslədiyini çox güman ki, indi daha yaxşı anlamağa başlayıb. Ermənistanın bu gün Rusiyaya qarşı başlatdığı kampaniya və Qərbin sifarişi əsasında atdığı addımlar böyük ehtimalla heç vaxt heç Kremlin də yuxusuna girməzdi.
Bu məsələ Paşinyan məsələsidirmi? Təbii ki, xeyr! Bu məsələ erməni məsələsidir. Tarixə nəzər saldıqda çox aydın görə bilərik ki, ermənilər daim özlərinə güclü saydıqlarının yanında yer etmək, ona xidmət etməyi öz siyasi dəsti-xətti sayıblar. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacağı istisna edilmir.
Rusiyanın Ukrayna müharibəsi ilə Cənubi Qafqaz da daxil olmaqla müxtəlif coğrafiyalarda zəifləyən mövqeyi Ermənistanın özünə yeni havadar, hami axtarışı məsələsində həlledici oldu. Proseslər isə düşünməyə əsas verir ki, rəsmi İrəvan bu məsələdən artıq geri çəkilmək, anti-Rusiya addımlarından imtina etmək fikrində deyil.
Bu yaxınlarda Ermənistan müdafiə nazirinin birinci müavini Edvard Asryanın ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahını ziyarət etməsi İrəvanın Kremlə qarşı növbəti demarşından başqa bir şey deyil. Asryan ziyarət zamanı ABŞ-ın Avropa komandanının müavini general-leytenant Stiven Başamdan xahiş edib ki, Ermənistan ordusunun islah edilməsində Pentaqon İrəvana dəstək versin.
Ermənistan bu addımla bir daha Rusiyanın ayağına basıb. Ermənistan hərbi hakimiyyətinin belə bir təkliflə, istəklə çıxışı rəsmi İrəvanın ərazisindəki Rusiya hərbi bazasının çıxarılması, onun KTMT-dən çıxmaq istəyinin əyani sübutudur.
Belə qərarlar Vaşinqtonda verilsə də, amerikalı general erməni həmkarına vəd verib ki, Ermənistan hərbçilərinin peşəkar səviyyədə hazırlanmasında, idarəetmə sisteminin modernləşməsində, hərbi təhsil və təlimlər məsələsində İrəvana dəstək verəcəklər. Amerikal general onu da deyib ki, bununla bağlı yeni proqramlar hazırlanacaq.
Göründüyü kimi, Ermənistan Azərbaycandan nümunə götürərək ordunu NATO strandartları əsasında formalaşdırmaq istəyindədir. Ermənistan tərəfi Rusiya orbitindən çıxmaq üçün ilk növbədə ordu sistemində bu istiqamətdə dəyişiklik zərurəti görür.
Bu, sıradan bir qərar deyil. Ermənistanın belə bir istəyi o deməkdir ki, orduda islahatlar aparmaq üçün keçmiş sovet və hazırki Rusiyaya bağlı zabit heyətini də dəyişmək lazım gələcək. Rusiya da Ermənistanın bu istəyindən birxəbər olmaya bilməz. Sovet hakimiyyəti illərindən bu zamana kimi Rusiyanın forpostu olaraq bütün dünyada tanınan Ermənistanın hərbisində belə bir islahatlar aparmaq fikri anlaşılandır. Rəsmi İrəvan çox yaxşı bilir ki, Rusiyadan qurtulmağın ən vacib yollarından biri uzun illər Rusiyaya xidmət etmiş və bu gün də ordusunda yüksək vəzifələr tutan hərbçiləri həmin postlarından kənarlaşdırmaqdır.
Bu isə Ermənistana heç də asan başa gələcək kimi görünmür. Bu, rəsmi İrəvan üçün ciddi qiyamla nəticələnə bilər. İstənilən halda Ermənistan istər Rusiyanın təsirində, istərsə də Qərbə inteqrasiya yolunda istəyinə nail olacağı təqdirdə bir məsələni mütləq xüsusi olaraq qeyd etməlidir: Ermənistan Azərbaycana qarşı qətiyyən revanş istəyində olmamalıdır. Bunu Azərbaycan bağışlamayacaq.
Rəsmi İrəvan unutmamalıdır ki, bu gün regiondakı bütün reallıqlar məhz Azərbaycanın diqtəsi əsasında formalaşmaqdadır və günbəgün rəsmi Bakının bu istiqamətdəki uğurları daha da möhkəmlənir.
Ermənistan gücümüzü gördü. Bunu 19-20 sentyabr tarixində 23 saatlıq lokal antiterror tədbiri zamanı bütün dünya erməniləri, eləcə də onlara havadarlıq edən qüvvələr daha yaxşı hiss etdi. Ali Baş Komandanın əmrlərini yerinə yetirən qəhrəman ordumuz 3 ilin içərisində qarşıya qoyulan bütün hədəflərə çatdı.
Lokal əməliyyatlar 44 günlük Vətən müharibəsini daha da taclandırdı, qələbəmizi əbədiləşdirdi. Xankəndidə Zəfər paradı xəyal belə etməkdə çətinlik çəkdiyimiz arzularımızın reallaşması demək idi. Hədəfimizə çatmaqda etiraf etməliyik ki, dünyada, o cümlədən bölgədəki geosiyasi şərait də işimizə yaradı. Lakin şübhəsiz ki, doğru və zamanında atılan addımlar, verilən qərarlar Qarabağ məsələsinin yerli-dibli çözülməsində əsas həlledici məqam oldu.
Separatizmin mərkəzinə çevrilmiş tarixi məkanımız olan Xankəndidə artıq hərbi parad keçirməyimiz Azərbaycanın regiondakı dəyişiklikləri sığortalandığı, regionda baş verən dəyişikliklərin əbədi olduğuna işarədir.
Atabəy Türkel