ABŞ-ın Florida ştatında yerləşən orta məktəb şagirdi 13 yaşlı bir şagird, süni intellekt modeli ChatGPT-yə “Sinifdə yoldaşımı necə öldürə bilərəm?” sualını verdikdən sonra vəziyyət qarışıb.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, məktəbləri nəzarətdə saxlayan süni intellekt əsaslı “Gaggle” adlı sistem dərhal siqnal verib. Sistem, şagirdin kompüterindəki bu mesajı “potensial təhdid” kimi dəyərləndirərək məktəb polisini hərəkətə keçirib. Qısa müddət ərzində bir polis əməkdaşı sinfə daxil olub və uşağı nəzarətə götürüb.
Saxlanılan şagirdin izahı isə vəziyyəti dəyişməyib. O, ChatGPT-yə verdiyi sualın “sadəcə bir zarafat” olduğunu söyləyib. Lakin ABŞ-da son dövrlərdə artan məktəb hücumları və silahlı zorakılıq hallarına görə bu cür mesajlara qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunur.
Yerli polis idarəsi həmin şagirdi həbs edib və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş bölməyə aparıb. Hadisənin videosu qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq böyük müzakirələrə səbəb olub.