ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin avqust ayında baş tutmuş ikitərəfli görüşdən sonra ilk dəfə telefon danışığı aparıblar.
Manset.az xəbər verir ki, hər iki tərəfin bəyanatına əsasən, iki saatdan çox davam edən söhbət əhəmiyyətli nəticələr verib.
Belə ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt telefon danışığını "yaxşı və məhsuldar" adlandırıb, Trampın özü isə "Truth Social" platformasında söhbətin çox məhsuldar olduğunu vurğulayıb.
Tramp bildirib ki, söhbət zamanı Putin onu Yaxın Şərqdəki sülhlə bağlı təbrik edib:
"Əminəm ki, Yaxın Şərqdəki uğur Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üzrə danışıqlarımızda kömək edəcək. Biz Ukraynada mübaribənin dayandırılmasından sonra Rusiya və ABŞ arasında ticarətin müzakirəsinə xeyli vaxt ayırdıq".