“Hantavirus yeni COVID-19 deyil”.
Manset.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus “X” hesabında qeyd edib.
O, Tenerife sakinlərinə müraciət edərək bildirib ki, MV Hondius gəmisində aşkarlanan Andes ştamlı hantavirus ciddi olsa da, hazırkı ictimai sağlamlıq riski aşağı olaraq qiymətləndirilir.
ÜST-ün Baş direktoru qeyd edib ki, “epidemiya” sözü insanlarda 2020-ci ilin ağır pandemiya xatirələrini yenidən canlandırır, lakin o, bunun yeni COVID-19 olmadığını xüsusi vurğulayıb.
Onun sözlərinə görə, ÜST risk qiymətləndirməsini məsuliyyətlə aparıb və Tenerifedə gündəlik həyatını yaşayan insanlar üçün təhlükə aşağı səviyyədədir.
Baş direktor bildirib ki, gəmidə hazırda simptomları olan sərnişin yoxdur: “ÜST ekspertləri gəmidə fəaliyyət göstərir, tibbi ləvazimatlar təmin edilib və İspaniya hakimiyyəti sərnişinlərin təhlükəsiz şəkildə təxliyəsi üçün mərhələli plan hazırlayıb. Plana əsasən, sərnişinlər yaşayış məntəqələrindən uzaqda yerləşən Qranadilla sənaye limanına aparılacaq, qapalı və mühafizə olunan nəqliyyat vasitələri ilə tam nəzarət olunan marşrut üzrə birbaşa öz ölkələrinə göndəriləcəklər”.
O, sakinləri sərnişinlərlə təmas olmayacağına əmin edib.
Qeyd edək ki, göyərtəsində hantavirus yayılmış MV Hondius kruiz gəmisi iki gün əvvəl Kabo-Verde sularını tərk edərək İspaniyaya məxsus Kanar adalarına istiqamət alıb. Gəminin üç gün sonra Tenerifedəki Qranadiliya limanına çatacağı bildirilib.