Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə
dövlət başçılarının - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
və Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarovun siyasi iradəsi
və dostluq münasibətləri sayəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldiyi, bu münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın
genişlənməsi üçün əlverişli şərait yaratdığı vurğulanıb.
Qırğızıstan
Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde rəhbərlik etdiyi
təşkilatın fəaliyyəti və əmək hüquqlarının qorunması istiqamətində görülən işlər
barədə məlumat verib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin əhəmiyyətini
qeyd edib. Bildirilib ki, iki təşkilat arasında imzalanmış memorandumlar, Qırğızıstan
nümayəndələri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil
olunan təlimlər, eləcə də qarşılıqlı səfərlər əməkdaşlığın inkişaf dinamikasını
əks etdirir.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizin həmkarlar
ittifaqları sistemində aparılan yenilənmə prosesindən, əmək hüquqlarının müdafiəsi
sahəsində tətbiq edilən müasir mexanizmlərdən və rəqəmsallaşmanın həmkarlar
ittifaqlarının fəaliyyətinə verdiyi üstünlüklərdən danışıb. Əməkdaşlığın perspektivləri
barədə fikirlərini bölüşən Konfederasiya sədri bir çox sahələrdə, xüsusilə
sağlamlıq turizmi üzrə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd
edib.
Görüşdə
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında imzalanmış
memorandumların icrası, birgə təşəbbüslərin reallaşdırılması və əlaqələrin genişləndirilməsi
məsələləri müzakirə olunub.
Görüş
çərçivəsində Azərbaycanın sağlamlıq turizmi ilə bağlı təqdimat keçirilib. Tədbirdə
Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin, Turizmin İnkişafı üzrə Dövlət
Agentliyinin, özəl qurumların və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə
də media mənsubları iştirak ediblər.
“Kurort”
Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev Azərbaycanın sağlamlıq
turizmi imkanları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sağlamlıq və istirahət mərkəzləri, onların xidmət imkanları,
müalicə üsulları və istirahət xidmətləri barədə təqdimatla çıxış edib.
Tədbir
çərçivəsində Azərbaycanın sağlamlıq turizmi imkanlarını əks etdirən film
nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.