logo
logo logo
logo

Təmiz ekologiya, su ehtiyyatlarından səmərəli istifadə - Gələcək nəsillərə töhfə

17:02 - 26 Oktyabr 2026

Təmiz ekologiya, su ehtiyyatlarından səmərəli istifadə - Gələcək nəsillərə töhfə

Ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii sərvətlərin qorunması və su ehtiyatlarından səmərəli istifadə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində diqqət yetirilən əsas istiqamətlərdəndir. İqlim dəyişmələrinin təsirlərinin artdığı müasir dövrdə su resurslarının qorunması həm əhalinin içməli suya tələbatının ödənilməsi, həm də kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə su təsərrüfatı infrastrukturunun yenilənməsi, yeni su anbarlarının tikintisi və mövcud ehtiyatların daha səmərəli idarə olunması mühüm rol oynayır. Eyni zamanda, əhali arasında suya qənaət vərdişlərinin formalaşdırılması və ekoloji maarifləndirmənin gücləndirilməsi gələcək nəsillər üçün təbii sərvətlərin qorunmasına töhfə verir.


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə Azərbaycanda ekologiyanın qorunması və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı məsələlərə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, ekoloji problemlərin həlli kompleks yanaşma, müasir texnologiyaların tətbiqi və dövlət qurumları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin fəal iştirakını tələb edir.


“Ekologiya və ətraf mühitin mühafizəsi müasir dövrdə hər bir dövlətin dayanıqlı inkişafını, əhalinin sağlamlığını və gələcək nəsillərin rifahını müəyyən edən əsas məsələlərdən biridir. İqlim dəyişmələrinin təsirlərinin güclənməsi, su ehtiyatlarının azalması, səhralaşma, biomüxtəlifliyin qorunması, atmosferin çirklənməsi və tullantıların idarə olunması kimi problemlər bu sahədə daha sistemli və kompleks yanaşmanı zəruri edir. Ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunmasına, təbii sərvətlərin qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər su ehtiyatlarının səmərəli idarə olunmasını, meşə və yaşıllıq sahələrinin genişləndirilməsini, xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasını, tullantıların idarə edilməsinin təkmilləşdirilməsini və ekoloji problemlərin həllinə müasir texnologiyaların cəlb edilməsini əhatə edir.

Su ehtiyatlarının qorunması, əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kənd təsərrüfatının suvarma suyuna olan tələbatının ödənilməsi dövlətin ekoloji və iqtisadi siyasətində mühüm yer tutur.

Bu istiqamətdə əsas addımlardan biri 2024–2040-cı illər üzrə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın təsdiq edilməsidir. Strategiya su ehtiyatlarının qiymətləndirilməsi və inteqrasiyalı idarə olunması, içməli su təchizatının yaxşılaşdırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və su təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur. Su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması da bu sahədə institusional tədbirlərdəndir. Digər mühüm istiqamət yeni su anbarlarının tikintisi və mövcud infrastrukturun yenilənməsidir. Bu məqsədlə “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilmiş, Samur-Abşeron su kəməri yenidən qurulmuş və qeyd etdiyiniz kimi, əksər şəhər və rayon mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilmişdir. Həyata keçirilən layihələr suvarma imkanlarının genişləndirilməsi və ayrı-ayrı yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə Həkəriçay və Bərgüşadçay su anbarları ilə bağlı layihələr də regionun gələcək su təhlükəsizliyinə töhfə vermək məqsədi daşıyır. Bununla yanaşı, su ehtiyatlarının qorunması yalnız anbarların tikilməsi ilə məhdudlaşmır. Mövcud su təchizatı şəbəkələrində itkilərin azaldılması, suyun dəqiq uçotunun aparılması, subartezian quyularının avtomatlaşdırılmış idarə olunması və su təsərrüfatı obyektlərində müasir ölçmə sistemlərinin tətbiqi də vacib tədbirlərdir. Qlobal iqlim dəyişməsi və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması öz növbəsində su çatışmazlığını şərtləndirir”.

V.Rəhimzadə su ehtiyatlarının idarə olunmasında iqlim dəyişmələrinin təsirlərinin nəzərə alınmasının və su infrastrukturunun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, yeni su anbarlarının tikintisi, suvarma sistemlərinin təkmilləşdirilməsi və yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətinə diqqət çəkib.

“Bu ilin yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə də vurğulandığı kimi, ölkə üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir. Ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanmışdır. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb. Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. “Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcəkdir. “Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcəkdir. “Şirvan” kanalının yenidən qurulması işləri Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidənqurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcək.

Su ehtiyatlarının qorunması yalnız dövlət qurumlarının və mütəxəssislərin vəzifəsi deyil. Bu prosesdə vətəndaşların, sahibkarların, fermerlərin və ictimai təşkilatların da üzərinə mühüm məsuliyyət düşür. Məktəblərdə ekoloji təhsilin gücləndirilməsi, şagirdlər arasında suya qənaət vərdişlərinin erkən yaşlardan formalaşdırılması, müəssisələrdə su istehlakına dair hesabatlılığın artırılması və əhali arasında maarifləndirmə kampaniyalarının aparılması vacibdir. Dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması əsas hədəflərdəndir”, - deyə deputat fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az