Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstan Xəbər Agentliyinə verdiyi müsahibədə Ankara ilə Sofiya arasında münasibətlərin son iki ildə qonşuluq və NATO müttəfiqliyi əsasında müsbət inkişaf etdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib ki, Türkiyədən Bolqarıstana təbii qaz nəqlinin həcminin artırılması təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Şərqi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Nazir vurğulayıb ki, NATO üzvü olan Türkiyə və Bolqarıstan qlobal böhranlar və regional təhlükəsizlik məsələlərində sıx əlaqələndirmə həyata keçirirlər. Onun sözlərinə görə, Yaxın Şərqdə son dövrdə baş verən hadisələr təhlükəsizlik mühitinin nə qədər sürətlə dəyişə bildiyini və alyansın cənub cinahından qaynaqlanan təhdidlərin daha geniş coğrafiyaya təsir göstərdiyini nümayiş etdirib.
H.Fidan əlavə edib ki, Türkiyə ərazisinə yönələn raket hücumları qarşısında çevik tədbirlərin görülməsi NATO-nun effektivliyini, onun qlobal və regional təhlükəsizliyin qorunmasındakı çəkindirici rolunu, eləcə də müttəfiqlər arasında birlik və həmrəyliyin əhəmiyyətini bir daha ortaya qoyub.