Avropanı bürüyən ekstremal isti hava şəraiti minlərlə insanın həyatına son qoyarkən, hüquqşünaslar və iqlim üzrə mütəxəssislər diqqətçəkən çağırışla çıxış ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onların fikrincə, isti hava dalğaları artıq yalnız "təbii fəlakət" kimi qiymətləndirilməməli, lazımi qabaqlayıcı tədbirlər görməyən dövlət qurumları və hökumətlər hüquqi məsuliyyət daşımalıdır.
İqlim hüququ üzrə mütəxəssislərin fikrincə, isti hava dalğalarının təsirlərini artıq böyük ölçüdə əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Meteoroloji qurumlar günlər öncədən xəbərdarlıq etsə də, sərinləmə mərkəzlərinin kifayət etməməsi, səhiyyə sisteminin hazırlıqsız olması, şəhərlərdə kölgəlik sahələrin artırılmaması və iş saatlarının uyğunlaşdırılmaması kimi çatışmazlıqlar minlərlə insanın həyatına başa gələ bilər. Bu səbəbdən hüquqşünaslar hesab edirlər ki, ölüm halları ilə nəticələnən ekstremal istilərdən sonra təkcə iqlim dəyişikliyi deyil, həm də dövlət qurumlarının gördüyü və ya görmədiyi tədbirlər hüquqi baxımdan araşdırılmalıdır.
Son həftələr Avropanın bir çox ölkəsində havanın temperaturunun 40 dərəcəni keçməsi səhiyyə sisteminə ciddi yük yaradıb. Fransada yalnız iyun ayında ekstremal istilərlə əlaqəli 2 mindən çox əlavə ölüm halının qeydə alındığı bildirilir və həyatını itirənlərin əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil edir. İspaniyada da isti hava dalğasının min nəfərdən çox insanın ölümü ilə əlaqələndirildiyi vurğulanır. Mütəxəssislər Avropanın iqlim dəyişikliyinin təsirlərinə dünyanın əksər bölgələrindən daha sürətlə məruz qaldığını, qitənin qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə istiləşdiyini bildirirlər.