ABŞ və İsrailin mümkün yeni hücumlarına qarşı İrandan ardıcıl cavab zərbələri ilə bağlı təhdidlər səsləndirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu raket imkanlarının artdığını iddia edib, həmçinin Hörmüz boğazının altından keçən internet kabellərini hədəfə ala biləcəklərini açıqlayıb.
ABŞ mətbuatında gündəmə gələn mümkün yeni hücum planları və Tehrandan səsləndirilən cavab zərbələri ilə bağlı təhdidlər bölgədə gərginliyi yenidən artırıb.
ABŞ Prezidenti Donald Trampın İrana “bütün bombaların anası” kimi tanınan bomba ilə zərbə endirə biləcəyi iddia edilərkən, İran İslam İnqilabı Keşikçiləri Korpusundan yeni açıqlama verilib.
Qurumun sözçüsü Hüseyn Mühibbi bildirib: “Biz "bombaların atası"nı təqdim etmək mərhələsindəyik. Bu, düşmən üçün yeni bir şeydir”.
Mühibbi İranın raket imkanlarının da artdığını iddia edib. O, 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra ölkənin raket ehtiyatının 1,5 dəfə artdığını irəli sürüb.