Qiymətlərin artması fonunda yeni addım atmağa hazırlaşan Apple şirkəti iyulun 28-də təqdim edəcəyi "Apple Upgrade" proqramı vasitəsilə "iPhone", "iPad", "Mac" və "Apple Watch" cihazlarının icarəyə verilməsinə başlayacaq. Proqram istifadəçilərə cihazların dəyərini birdəfəlik ödəmək əvəzinə, ödənişləri müəyyən müddət ərzində hissə-hissə həyata keçirmək imkanı yaradacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, şirkət yeni proqramı iyulun 28-də rəsmi şəkildə elan edəcək. Məlumata əsasən, proqram iPhone, iPad, Mac və Apple Watch modellərinin hamısını əhatə edəcək.
İcarə müddəti məhsul növündən asılı olaraq dəyişəcək. "iPhone" və "Apple Watch" modelləri üçün 24 aya qədər, "Mac" və "iPad" cihazları üçün isə 36 aya qədər icarə imkanının təqdim olunacağı bildirilir.
Müqavilə müddəti başa çatdıqdan sonra istifadəçilər üç seçimdən birini edə biləcəklər: cihazın qalan dəyərini ödəyərək ona sahib olmaq, cihazı şirkətə geri qaytarmaq və ya onu ən son model ilə əvəz etmək.
Məlumatda qeyd olunur ki, bəzi xüsusi hallarda əməliyyatlar zamanı əlavə xidmət haqqı da tətbiq oluna bilər.