logo
logo logo
logo

"WhatsApp"a yeni funksiyalar gəldi

15:35 - 23 İyul 2026

\"WhatsApp\"a yeni funksiyalar gəldi

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan "WhatsApp" istifadəçilərin gündəlik ünsiyyətini daha rahat edəcək geniş yenilik paketini təqdim edib. Yeniləmələr sayəsində artıq telefonu qoşmadan "iPad"də yeni hesab yaratmaq, PDF sənədlərini yükləmədən birbaşa redaktə etmək, "Android Auto" və "Apple CarPlay" sistemləri ilə daha təkmil inteqrasiya, eləcə də musiqiləri statusda paylaşmaq mümkün olacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin açıqladığı yeniliklər arasında xüsusilə PDF fayllarının əlavə proqram olmadan redaktə edilməsi imkanı diqqət çəkir.

Yeni yeniləmə istifadəçilərin uzun müddətdir irəli sürdüyü tələblər nəzərə alınmaqla hazırlanıb. Paketə "iPad"də müstəqil istifadə imkanı, avtomobillər üçün multimedia sistemləri ilə geniş uyğunluq, brauzer üzərindən sənədlərin redaktəsi və status bölməsinə musiqi əlavə etmək funksiyası daxildir.

"iPad" artıq telefondan asılı olmayacaq

Uzun müddətdir gözlənilən iPad inteqrasiyasında mühüm yenilik tətbiq edilib. Ötən il planşet üçün rəsmi tətbiqin istifadəyə verilməsindən sonra artıq istifadəçilər birbaşa iPad vasitəsilə sıfırdan WhatsApp hesabı yarada biləcəklər.

Əvvəllər bunun üçün telefonu tətbiqə bağlamaq və ya veb-versiyadan istifadə etmək tələb olunurdu. Yeni funksiya isə planşetdə tam müstəqil mesajlaşma imkanı yaradır.

Avtomobildə daha təhlükəsiz istifadə

Yenilənmiş "Android Auto" və "Apple CarPlay" dəstəyi sayəsində sürücülər sükan arxasında olarkən daxil olan mesajları səslə dinləyə və səsli əmrlərlə cavablandıra biləcəklər.

Bundan əlavə, zəng etmək, zəng tarixçəsinə baxmaq və seçilmiş əlaqələri axtarmaq kimi funksiyalar da avtomobilin multimedia ekranı və "hands-free" sistemi vasitəsilə idarə olunacaq.

PDF fayllarını yükləmədən redaktə etmək mümkün olacaq

İndiyədək "WhatsApp" vasitəsilə göndərilən PDF sənədlərində dəyişiklik etmək üçün onları cihaza yükləmək və əlavə proqramlardan istifadə etmək lazım idi.

"Adobe Acroba"t ilə əməkdaşlıq çərçivəsində təqdim olunan yeni funksiya bu ehtiyacı aradan qaldırır. İstifadəçilər "WhatsApp Web" və ya masaüstü tətbiqi üzərindən PDF sənədlərini birbaşa açaraq mətnləri vurğulaya, qeydlər əlavə edə və sənəd üzərində müxtəlif düzəlişlər edə biləcəklər.

Bu funksiyanın mobil telefonlar üçün nə vaxt istifadəyə veriləcəyi isə hələ açıqlanmayıb.

Musiqini statusda paylaşmaq asanlaşır

Yeni yeniləmə ilə istifadəçilər dinlədikləri musiqiləri ekran görüntüsü paylaşmadan birbaşa WhatsApp statusunda yayımlaya biləcəklər.

Belə ki, "Spotify" və "Apple Music" kimi musiqi platformalarında dinlənilən mahnılar bir neçə sadə addımla "WhatsApp" statusuna əlavə edilə biləcək. Bu yeniliyin istifadəçilər arasında musiqi paylaşımını daha rahat və sürətli edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az