Avropa Komissiyası "Google" şirkətini Rəqəmsal Bazarlar Aktını (Digital Markets Act – DMA) iki istiqamət üzrə pozduğuna görə ümumilikdə 890 milyon avro məbləğində cərimələyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, komissiyanın açıqlamasına görə, şirkət Google Axtarış xidmətində öz məhsul və xidmətlərinə üstünlük verməklə, həmçinin Google Play platformasında tətbiq hazırlayan şirkətlərin istifadəçiləri alternativ və əksər hallarda daha ucuz alış kanallarına yönləndirməsinin qarşısını almaqla qanunvericiliyin tələblərini pozub.
Bu səbəbdən Avropa Komissiyası ilk pozuntuya görə 460 milyon avro, ikinci pozuntuya görə isə 430 milyon avro olmaqla, ümumilikdə 890 milyon avro məbləğində cərimə tətbiq edib.
Komissiya bildirib ki, cərimələrin məbləği müəyyən edilərkən pozuntuların ağırlığı və davametmə müddəti nəzərə alınıb.
Bununla yanaşı, Avropa Komissiyası şirkətdən qanun pozuntularını aradan qaldırmağı da tələb edib.
Qərara əsasən, Google axtarış nəticələrində üçüncü tərəf xidmətlərinə öz xidmətləri ilə eyni, ədalətli və ayrı-seçkilikdən uzaq yanaşma tətbiq etməlidir. Həmçinin Google Play üzərindən tətbiqlərini təqdim edən tərtibatçılara istifadəçilərlə həm platforma daxilində, həm də platformadan kənarda sərbəst ünsiyyət qurmağa və müqavilələr bağlamağa texniki və hüquqi imkan yaratmalıdır.
Şirkətə Komissiyanın qərarlarını yerinə yetirmək üçün 60 gün vaxt verilib. Əks halda, Google qlobal illik dövriyyəsinin 5 faizinə qədər gündəlik cərimə ilə üzləşə bilər.