Rusiyanın Leninqrad vilayətində ölkənin ən böyük elektron ticarət platforması "Wildberries"ə məxsus anbara pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücum nəticəsində baş vermiş yanğında 3 nəfər yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko yazılı açıqlamasında bildirib ki, vilayətin Vsevolojsk rayonunda yerləşən "Wildberries"ə məxsus anbar PUA hücumuna məruz qalıb.
Onun sözlərinə görə, hücum nəticəsində anbarda yanğın baş verib. Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilərək müalicəyə cəlb olunub.
Drozdenko əlavə edib ki, digər bir pilotsuz uçuş aparatı isə Kirov rayonunda quşçuluq müəssisəsinə məxsus anbarlardan birinə düşüb. Nəticədə tikilidə qismən uçqun baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Hücumdan sonra "Wildberries" şirkəti Leninqrad vilayətində yerləşən bəzi logistika mərkəzlərinin fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.