"Odissey" filminin sızdırılmış nüsxəsi X-də milyonlarla baxış topladı
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rejissor Kristofer Nolan tamaşaçıların "Odissey" (The Odyssey) filmini ən böyük ekranda izləməsini istəsə də, bu həftəsonu filmin sızdırılmış HD versiyası X platformasında milyonlarla insan tərəfindən izlənilib.
"Variety" nəşrinin məlumatına görə, şənbə günü filmin yüksək keyfiyyətli nüsxəsinin paylaşıldığı paylaşım hesab bloklanana qədər cəmi iki saat yarım ərzində 2,1 milyon baxış toplayıb.
Nolan üç saatlıq filmi IMAX kinoteatrları üçün nəzərdə tutulmuş 70 mm-lik lent formatında çəkib.
Sosial şəbəkə istifadəçilərindən biri paylaşımda "Əvvəl bunun saxta olduğunu düşündüm, amma doğru imiş" sözlərini yazıb.
Hadisəyə münasibət bildirən "Universal" studiyası filmin icazəsiz paylaşılmasından xəbərdar olduqlarını, paylaşımın silinməsi üçün dərhal tədbir görüldüyünü açıqlayıb.
Studiya bəyan edib ki, müəllif hüquqlarının pozulmasına ciddi yanaşır və məzmununu, eləcə də əqli mülkiyyət hüquqlarını qorumaq üçün bütün zəruri addımları atacaq.
Buna baxmayaraq, sızmanın filmin kommersiya uğuruna ciddi təsir göstərməsi gözlənilmir. Film nümayişinin ikinci həftəsonunda dünya üzrə 215 milyon dollar gəlir əldə edib və ümumi gəliri 640 milyon dollara çatıb.