D vitamininin qəbulu ilə bağlı müxtəlif və bəzən ziddiyyətli fikirlər mövcuddur. “Günəş vitamini” adlandırılan D vitamini sümüklərin sağlamlığından immun sisteminin fəaliyyətinə qədər orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamininin kimlər üçün xüsusilə vacib olduğunu, çatışmazlığın hansı əlamətlərlə özünü göstərə biləcəyini və əlavələrin qəbulu zamanı nələrə diqqət edilməli olduğunu açıqlayıb.
D vitamini orqanizmə niyə lazımdır?
Mütəxəssisin sözlərinə görə, D vitamini əslində prohormondur və orqanizmdə aktiv steroid hormon olan kalsitriola çevrilir. D vitamini kalsium mübadiləsində mühüm rol oynayır. O, bağırsaqlarda kalsiumun sorulmasını və böyrəklər vasitəsilə xaric edilməsini tənzimləyir. Xüsusilə menopauza dövründə olan qadınlarda osteoporoz riski yüksək olduğundan sümük sağlamlığına daha çox diqqət yetirilməsi tövsiyə olunur. Uşaqlarda D vitamininin ciddi çatışmazlığı böyüməkdə olan sümüklərin deformasiyasına, hətta raxit xəstəliyinin yaranmasına səbəb ola bilər.
D vitamini xərçəngdən qoruyurmu?
D vitamininin immun sisteminin fəaliyyəti ilə əlaqəsi olduğu bildirilir. Bununla belə, mütəxəssis D vitamininin xərçəngin yaranmasının qarşısını aldığını qəti şəkildə söyləmək üçün kifayət qədər məlumat olmadığını qeyd edib.
Amraynın sözlərinə görə, artıq onkoloji xəstəliyi olan şəxslərlə bağlı bəzi tədqiqatlarda D vitamini qəbul edənlər arasında ölüm riskinin daha aşağı olduğu müşahidə edilib. Lakin bu nəticələr D vitamininin xərçəngi müalicə etdiyi və ya xəstəliyin qarşısını aldığı mənasına gəlmir.
D vitamini diabet zamanı faydalıdırmı?
D vitamini şəkər və yağ mübadiləsinə təsir göstərir, insulinin təbii şəkildə istehsalı, ifrazı və mənimsənilməsində rol oynayır. D vitamini çatışmazlığı insulin müqaviməti, 1-ci və 2-ci tip diabet riskinin artması ilə əlaqələndirilir. Mütəxəssisin sözlərinə görə, bəzi məlumatlar D vitamini qəbulunun riskin azalmasına və prediabet vəziyyətindən normal şəkər mübadiləsinə qayıtmaq ehtimalının yüksəlməsinə kömək edə biləcəyini göstərir.
D vitaminini haradan əldə edirik?
D vitamini kifayət qədər günəş işığının, xüsusilə UV-B şüalarının təsiri altında orqanizmdə sintez olunur. Bundan əlavə, yağlı dəniz balıqları, skumbriya, sardina, günəşdə qurudulmuş göbələk və yumurta kimi qidalarda da D vitamini mövcuddur. Lakin mütəxəssisin sözlərinə görə, adi qidalanma zamanı bu məhsullardan əldə edilən D vitamininin miqdarı çox vaxt kifayət etmir.
D vitamini çatışmazlığını necə müəyyən etmək olar?
Çox ciddi çatışmazlıq zamanı yorğunluq və əzələ ağrıları müşahidə edilə bilər. Bununla belə, D vitamini çatışmazlığı əksər hallarda heç bir aydın simptom vermir. Buna görə də çatışmazlıqdan şübhələnən şəxslərin qan analizi verməsi tövsiyə olunur. D vitamininin səviyyəsinə uyğun olaraq əlavə qəbulunun lazım olub-olmadığı həkim tərəfindən müəyyən edilməlidir.
Kimlər risk qrupuna daxildir?
D vitamini çatışmazlığı riski növbəli iş rejimində çalışanlarda, günəşə az çıxanlarda və dərisini daim örtən insanlarda daha yüksək ola bilər. Daha tünd dəri rənginə malik şəxslərdə də günəş şüalarının təsiri ilə D vitamini sintezi daha zəif ola bilər. Bundan başqa, hamilələr, yaşlı insanlar, prediabet və diabeti olanlar da risk qrupuna daxil edilir. Kron xəstəliyi və xoralı kolit kimi bağırsaq xəstəlikləri olan insanlarda D vitamininin mənimsənilməsi zəifləyə bilər. Bəzi dərman preparatları da onun sorulmasına mənfi təsir göstərə bilər. Mütəxəssis bildirir ki, bu qruplara daxil olan şəxslərin, xüsusilə qış aylarında D vitamini səviyyəsini yoxlatdırması və zərurət yaranarsa həkim tövsiyəsi ilə əlavə qəbul etməsi məqsədəuyğundur.
D vitaminini həddindən artıq qəbul etmək olarmı?
D vitamini yağ toxumasında toplandığı üçün yüksək dozaların uzun müddət qəbul edilməsi zəhərlənməyə səbəb ola bilər. Yüngül doza aşımı zamanı ürəkbulanma, iştahasızlıq, qarında spazm və qusma müşahidə edilə bilər. Ağır hallarda isə qanda kalsiumun səviyyəsi təhlükəli dərəcədə yüksələ bilər. Endokrinoloq D vitamini preparatlarını analiz vermədən və orqanizmdəki səviyyəni bilmədən özbaşına qəbul etməməyi tövsiyə edir. Mütəxəssis həmçinin vurğulayır ki, D vitamini immun sistemi və sümük sağlamlığı üçün mühüm olsa da, heç bir qida əlavəsi qeyri-sağlam həyat tərzini kompensasiya edə bilməz. Balanslı qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və stressin idarə olunması sağlamlıq üçün əsas amillər olaraq qalır.