Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 13 nəfərə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Yaponiyanın Baş naziri Sanae Takaiçi zəlzələ ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Kumamoto prefekturasında baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Kumamoto Prefekturası Administrasiyası isə zəlzələ zamanı 31 nəfərin xəsarət aldığını açıqlayıb.
Bildirilib ki, 7,1 bal gücündə yeraltı təkanlar prefektura ərazisində genişmiqyaslı dağıntılara səbəb olub. Nəticədə yanğınlar baş verib, yollar və körpülər dağılıb.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, zəlzələ dünən yerli vaxtla saat 16:27-də Uki və Hikava bölgələrində qeydə alınıb. Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, 2016-cı ilin aprelində Kumamoto prefekturasında baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində 277 nəfər həyatını itirmişdi.
Qeyd edək ki, Yaponiya dünyada zəlzələ riskinin ən yüksək olduğu ölkələrdən biridir. Ölkə çoxsaylı vulkanların və okean çökəkliklərinin yerləşdiyi “Sakit okean Odlar Halqası” (Pacific Ring of Fire) adlanan seysmik zonada yerləşir.