Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndi tətbiq olunan ilk xəstənin vəziyyətinin qənaətbəxş olduğu və orqanizmdə xəstəliyə qarşı zəruri immun cavabın formalaşdığı açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, peyvəndin hazırlanmasında iştirak edən Qamaleya Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Ginzburqun sözlərinə görə, bu ilin aprel ayında preparatın ilk dozası vurulan 60 yaşlı, üçüncü mərhələ melanoma diaqnozu qoyulmuş xəstənin müalicəsi davam edir.
O bildirib ki, aparılan müayinələr zamanı orqanizmin şiş və metastazlarla mübarizə üçün zəruri olan aktiv maddələri istehsal etdiyi müəyyən edilib. Ginzburq əlavə edib ki, xəstədə formalaşan immunoloji cavab gözləniləndən daha müsbət qiymətləndirilir.
Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi ötən il inkişaf etmiş mərhələdə melanoma xəstələrinin müalicəsi üçün hazırlanmış "Neooncovac" adlı mRNT əsaslı peyvəndin, eləcə də kolorektal xərçəngə qarşı nəzərdə tutulan "Oncopept" adlı peptid preparatının istifadəsinə icazə vermişdi.
Qamaleya Tədqiqat İnstitutunun nümayəndələri bildiriblər ki, yaxın vaxtlarda daha 10 pasiyent üçün fərdiləşdirilmiş melanoma peyvəndi hazırlanacaq. Preparatların istehsalının bir-üç ay ərzində başa çatdırılması planlaşdırılır.