Türkiyənin Manisa vilayətində yerləşən qədim Sardis şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 2500 il əvvələ aid mərmər heykəl aşkarlanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
Bildirilib ki, e.ə. V əsrin birinci yarısına aid olan heykəl gənc kişini təsvir edir. Təxminən 2,2 metr hündürlüyündə olan mərmər abidə monumental ölçüsü, yaxşı qorunmuş vəziyyəti və Lidiya mədəniyyətinə məxsus geyim detallarını özündə əks etdirməsi ilə diqqət çəkir.
Mütəxəssislərin fikrincə, tapıntı həmin dövrün incəsənəti, geyim mədəniyyəti və sosial həyatı haqqında mühüm məlumatlar əldə etməyə imkan verəcək.