Türkiyədə 17 milyondan çox şagirdə aid olan “Məktəb Qidası Loqosu” tətbiqinin hazırlanmasında son mərhələyə gəlinib. Yeni tədris ili ilə birlikdə həyata keçirilməsi planlaşdırılan sistem çərçivəsində ilk mərhələdə 675 məhsul xüsusi loqo alaraq məktəb bufetlərinin rəflərində satışa çıxarılacaq.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, enerji və qazlı içkilər, çipslər, şokolad və şirniyyatların məktəb bufetlərində satışına icazə verilməyəcək. Bunun əvəzində süd məhsulları, təzə meyvələr, duzsuz çərəzlər və tam buğda məhsulları üstünlük təşkil edəcək.
2019-cu ildə Kənd Təsərrüfatı və Meşə, Milli Təhsil və Səhiyyə nazirliklərinin birgə protokolu əsasında gündəmə gətirilən, lakin müxtəlif səbəblərdən təxirə salınan “Məktəb Qidası Loqosu” tətbiqinin yeni tədris ili ilə başlanması planlaşdırılır.
Sistem məktəb bufetlərində satılan qablaşdırılmış qida məhsullarının müəyyən edilmiş qidalanma meyarlarına uyğun olub-olmadığının asanlıqla müəyyənləşdirilməsini nəzərdə tutur.
Xüsusilə məhsulların tərkibindəki şəkər, duz və yağ miqdarı nəzərə alınacaq. İlk mərhələdə 675 məhsulun “Məktəb Qidası Loqosu” ilə satışa çıxarılması nəzərdə tutulur.